Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) “Məzun Günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Milli Müdafiə Universitetinin Hərbi İnstitutunun orkestrinin ifasında Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda mübarizədə canından keçən şəhidlərimizin əziz xatirəsi anılıb.
BDU-nun rektoru Elçin Babayev bildirib ki, 107 il əvvəl cəmi iki fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitet bu gün regionun aparıcı ali təhsil müəssisələrindən birinə çevrilib. 25 mindən artıq tələbənin təhsil aldığı, 1500 nəfər professor-müəllim heyətinin çalışdığı təhsil müəssisəsi təkcə ölkəmizdə deyil, regionun aparıcı universiteti kimi sürətlə inkişaf edir. Rektor BDU-nun hər il minlərlə məzununun yüksəkixtisaslı kadr kimi əmək fəaliyyətinə başladığını vurğulayıb. Elçin Babayev diqqətə çatdırıb ki, 5 il əvvəl dünya universitetləri reytinqində top 1500-də olan BDU bu gün ilk 700-də qərarlaşıb.
Elm və təhsil nazirinin müavini İdris İsayev bu il ölkəmizin ali təhsil müəssisələrindən 63 mindən artıq tələbənin məzun olduğunu söyləyib. O bildirib ki, ölkəmizdə təhsildə insan kapitalının inkişafına ciddi diqqət yetirilir. Ali təhsilin həm əlçatanlığı və əhatəliyi artırılıb, həm də təhsilin məzmunu təkmilləşdirilib, beynəlxalq rəqabətliliyi gücləndirilib.
Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov BDU-nun Azərbaycan dövlət müstəqilliyinin ilk bəhrələrindən biri kimi tarixə düşdüyünü söyləyib. O bildirib ki, ölkənin əldə etdiyi uğurların təməlində BDU-nun yetişdirdiyi kadrların zəhməti dayanır.
Mədəniyyət naziri Adil Kərimli Bakı Dövlət Universitetini (BDU) Azərbaycan elminin və təhsilinin flaqmanı adlandırıb. O bildirib ki, bu ali təhsil müəssisəsi bütövlükdə Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Nazir universitetin dünya ali təhsil müəssisələri arasında əldə etdiyi yüksək nailiyyətlərin burada çalışan müəllimlərin, alimlərin, texniki heyətin və tələbələrin zəhməti, əzmkarlığı və fədakarlığı sayəsində qazanıldığını vurğulayıb.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib ki, bu ali təhsil ocağı yalnız yüksəkixtisaslı mütəxəssislər yetişdirməklə kifayətlənmir, eyni zamanda, gənclərdə vətənpərvərlik ruhunu, dövlətçilik təfəkkürünü, qanuna hörmət hissini, insan ləyaqətinə ehtiramını və cəmiyyət qarşısında məsuliyyət duyğusunu formalaşdırır.
2007-ci ildən BDU-da koreyaşünaslığın tədris edildiyini diqqətə çatdıran Koreya Respublikasının ölkəmizdəki səfiri Kımqu Kanq son iyirmi ildə buradan 110-dan çox tələbənin məzun olduğunu bildirib. Kımqu Kanq 2008-ci ildən Koreya səfirliyinin BDU ilə İnformasiya və İKT Mərkəzinin yaradılması istiqamətində əməkdaşlıq etdiyini də vurğulayıb.
İzmir Yüksək Texnologiyalar İnstitutunun rektoru Yusuf Baran tarix boyu Azərbaycan və Türkiyənin sevinclərini də, ağrı-acılarını da birlikdə bölüşdüyünü söyləyib.
Sonra Universitet tələbələrinin ifasında BDU-nun himni səsləndirilib.
Qazaxıstanın Satbayev Universitetinin rektoru Meyram Beqentayev, Safi Utebayev adına Atırau Neft və Qaz Universitetinin rektoru Gülzada Şakulikova, Çinin Anhui Universitetinin prezidenti Sun Changyin, Tianjin Universitetinin rektoru Chai Liyuan, Tongji Universitetinin vitse-prezidenti Li Syanning, Birləşmiş Ərəb Əmirliklərinin Ajman Universitetinin rektoru Karim Seghir, İsrailin Ben Qurion Universitetinin prezidenti Daniel Chamovitz, eləcə də BDU-nun müxtəlif ölkələrdə təhsillərini davam etdirən məzunları videomüraciətlərində Universitetin Azərbaycanın ictimai-siyasi həyatında önəmini qeyd edib, məzunlara təbriklərini çatdırıblar.
Tədbirdə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən 34 məzuna sertifikat və hədiyyələr təqdim edilib.
Tədbir konsert proqramı ilə davam edib.