BAKI ŞƏHƏR PROKURORLUĞUNDA ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, yanvarın 19-da Bakı Şəhər Prokurorluğunda prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə 2004-cü ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Bakı şəhər prokuroru, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Ədalət Mirsalamlı bildirdi ki, Azərbaycan Prezidenti, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə 1994-cü ildə 20 Yanvar hadisələrinin əsil mahiyyəti açıqlandı, siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə bildirildi.
O, ötən ilin yekunları ilə bağlı məruzəsində Prezident İlham Əliyev tərəfindən xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun müvəffəqiyyətlə davam etdirilməsi, respublikamızda ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, daxili və xarici siyasət sahəsində əhəmiyyətli uğurlar qazanıldığını söyləyərək ötən ildə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması sahəsində gördüyü müsbət işlərdən, nailiyyətlərdən danışmışdır.
Müşavirədə mövcud nöqsan və çatışmazlıqlar, onların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilərək, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin keyfiyyət və səmərəliliyin artırılması üçün konkret təkliflər irəli sürüldü.
Hesabat dövründə Bakı şəhəri üzrə qeydə alınmış ölümə cəhd, adam oğurluğu, zorlama, qəsdən sağlamlığa ağır zərərvurma, quldurluq və s. cinayətlərin sayının əvvəlki illə müqayisədə xeyli azalması, ümumi cinayətləri açılma faizinin artması, qeyri-aşkar şəraitdə baş vermiş qəsdən adamöldürmə hallarının açıqlanmasının təmin olunması, bir sıra cinayətkar qrupların ifşa edilməsi müsbət hal kimi qiymətləndirilməklə, kriminogen vəziyyətin ölkə Prezidenti İlham Əliyevin respublikamızda əmin-amanlıq və dönməz sabitlik yaradılması yolunda həyata keçirdiyi məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olduğu xüsusi vurğulandı.
Məruzə ətrafında çıxış edənlər söylənilən tövsiyələr əsasında işlərinin günün tələbləri səviyyəsində quracaqlarını bildirdilər.
Kollegiya iclasında fəaliyyət istiqamətləri üzrə görülən işlərin səmərəliliyinin artırılması, cinayətkarlıqla mübarizənin daha da gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunması, mövcud nöqsan və çatışmazlıqlara gələcəkdə yol verilməməsi üçün tədbirlər müəyyənləşdi. Ayrı-ayrı cinayət işləri üzrə zəruri olan istintaq, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsinin təmin edilməsinə dair konkret tapşırıqlar verildi.