BAKI ŞƏHƏRİ TƏHSİL İŞÇİLƏRİNİN KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 10-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) konfransı keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək, ümummilli liderimiz, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri qoymuş, əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür.
Müvafiq qurumların, ictimaiyyət nümayəndələrinin, ali məktəb və ümumtəhsil müəssisələri rəhbərlərinin iştirak etdikləri konfransda BŞTİ-nin müdiri Nailə Rzaquliyeva 2007-2008-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələri özündə əks etdirən hesabat məruzəsi ilə çıxış etmişdir. Natiq ulu öndərimiz, qüdrətli dövlət xadimi Heydər Əliyevin təhsilimizin inkişafına daim böyük önəm verdiyini, ümummilli liderimizin nurlu ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Dövlətimizin başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə daim diqqət və qayğı göstərdiyini qeyd edən BŞTİ-nin müdiri, eyni zamanda, son illərdə bu sahədə uğurlu nəticələr əldə olunduğunu bildirmişdir.
N.Rzaquliyeva Bakının ümumtəhsil müəssisələrində təhsilin inkişafı, müasir tədris şəraitinin yaradılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verərək diqqətə çatdırmışdır ki, 2007-2008-ci tədris ilində paytaxtda 37 min şagird yerlik 22 yeni məktəb binası, ayrı-ayrı təhsil müəssisələri üçün 28 əlavə tədris korpusu istifadəyə verilmişdir. Məktəblərdə geniş abadlıq işləri aparılmış və onlara müxtəlif müasir avadanlıqlar, o cümlədən 9 min 550 dəst kompyuter verilmişdir. Təhsil müəssisələrinin əksəriyyətində biologiya, fizika, Azərbaycan tarixi, kimya fənlərinin tədrisi elektron dərsliklər vasitəsilə aparılır. 23 nömrəli təhsil müəssisəsində “Elektron məktəb” layihəsi uğurla həyata keçirilmişdir.
Şagirdlərin pulsuz dərsliklərlə təmin edildiyini xatırladan N.Rzaquliyeva bildirmişdir ki, yeni dərs ili ərəfəsində məktəblərə 68 adda dərsliklər verilmişdir.
Təhsil sisteminin ilbəil inkişaf etdiyini qeyd edən BŞTİ-nin müdiri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2008-2009-cu tədris ili üçün ali məktəblərə keçirdiyi qəbul imtahanlarında yüksək nəticələr qazanaraq, ali təhsil müəssisələrinə qəbul olunan məzunların sayının artdığını söyləmişdir.
2007-2008-ci tədris ilində dövlət səviyyəsində keçirilən “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin əhəmiyyətini vurğulayan N.Rzaquliyeva, bu müsabiqələrdə paytaxtın təhsil müəssisələrində çalışan müəllimlərdən 42 nəfərinin ən yaxşı müəllim, 14 təhsil ocağının isə ən yaxşı ümumtəhsil məktəbi müsabiqələrində qalib adı qazandıqlarını bildirmişdir.
BŞTİ-nin müdiri təhsil müəssisələrində olan mövcud problemlərə də toxunmuş, onların aradan qaldırılmasının vacibliyini söyləmiş və yeni dərs ilində qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.
Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov təhsil sahəsinə göstərilən dövlət qayğısından danışmışdır. Qeyd etmişdir ki, son illərdə yeni tikilmiş və əsaslı təmir edilmiş məktəblərin sayı 1600-ü ötmüşdür. Daha 475 məktəb müasir avadanlıqla təmin olunmuş, 500-dən çox təhsil müəssisəsinin istilik sistemləri təmir edilmişdir. Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər) çərçivəsində 200 məktəbin genişzolaqlı sürətli internetlə təmin olunması, DATA mərkəzinin, elektron tədris resursları bazasının, vahid təhsil portalının yaradılması da nəzərdə tutulmuşdur.
Nazir ölkəmizdə təhsilin inkişafı üzrə həyata keçirilən proqramların əhəmiyyətini də nəzərə çarpdırmışdır.
“Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrinin qalibi olan müəllim və təhsil müəssisələrinə sertifikatlar verilmişdir.
Konfransda çıxış edən digər natiqlər də cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu vurğulamış, yeni dərs ilində müəllim və şagirdlərə uğurlar arzulamışlar.
Konfransda Azərbaycan müəllimlərinin növbəti qurultayına nümayəndələr seçilmişdir.