Bakı Slavyan Universiteti və Şimali Qafqaz Federal Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır
Bakı, 3 aprel (AZƏRTAC, Arzu Rəcəbova). Stavropol Diyar Hökuməti sədrinin müavini Andrey Murqanın başçılığı ilə ölkəmizdə səfərdə olan Stavropol diyar nümayəndə heyəti aprelin 3-də Bakı Slavyan Universitetində (BSU) olmuşdur.
Qonaqlar əvvəlcə BSU-nun kampusu ilə tanış olmuşlar. BSU-nun rektoru, professor Asif Hacıyev universitetin fakültələri, ixtisasları və tədris proqramları barədə məlumat vermişdir. Sonra BSU-nun akt zalında tələbələr və professor-müəllim heyəti ilə görüş olmuşdur. A.Hacıyev qeyd etmişdir ki, Azərbaycan ilə Stavropol diyarı arasında uzun illər boyu möhkəm mədəni, siyasi və iqtisadi əlaqələr mövcuddur.
Stavropol Diyar Hökuməti sədrinin müavini Andrey Murqa səmimi qəbul üçün BSU-nun rəhbərliyinə minnətdarlığını bildirərək vurğulamışdır ki, Azərbaycan sürətlə dəyişir və ilbəil inkişaf edir.
Stavropol diyarının təhsil naziri Vasili Lyamin bildirmişdir ki, əməkdaşlıq haqqında müqavilə imzalanmasının məqsədi təcrübə mübadiləsi, elmi konfranslar, müştərək layihələr və stajkeçmə təşkil edilməsidir.
Şimali Qafqaz Federal Universitetinin prorektoru Vladimir Şapovalov qeyd etmişdir ki, bu ali məktəbdə 10 istiqamət üzrə kadrlar hazırlanır. O vurğulamışdır ki, hazırda Şimali Qafqaz Federal Universitetində Azərbaycandan olan 85 tələbə təhsil alır.