BAKI SLAVYAN UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ İSTEHSALAT VƏ PEDAQOJİ TƏCRÜBƏLƏRİNİ BU İLDƏN ƏYALƏT MƏKTƏBLƏRİNDƏ KEÇƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Bakı Slavyan Universiteti çoxdan unudulmuş bir ənənəni bu tədris ilində yenidən canlandırmaq barədə təşəbbüs irəli sürmüşdür. Universitetin elmi şurasının iclasında qərara alınmışdır ki, tələbələrin istehsalat və pedaqoji təcrübələri yalnız Bakıda deyil, ölkəmizin əyalət şəhərlərində və kəndlərində də təşkil edilsin.
Bunun üçün böyük hazırlıq işləri görülmüş, yerli icra hakimiyyətləri və təhsil şöbələri ilə danışıqlar aparılmış, müvafiq dövlət orqanlarına müraciət edilmişdir. Tələbələrin bu il fevral ayında başlayacaq istehsalat təcrübəsi ilk növbədə Naxçıvan və Gəncə şəhərlərində, Bərdə, Biləsuvar, Sabirabad və digər rayonlarda təşkil olunacaqdır. Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, ibtidai sinif müəllimləri, beynəlxalq münasibətlər fakültələrində təhsil alan tələbələr həmin şəhərlərdəki və rayonlardakı məktəblərdə dərs deyəcək, xarici əlaqələrlə məşğul olan yerli təşkilatlarda çalışacaqlar. Tələbələrin təcrübəsinin bu bölgələrdəki qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdəki məktəblərdə və qaçqınların problemləri ilə məşğul olan təşkilatlarda təşkilinə üstünlük veriləcəkdir.
Bakı Slavyan Universitetinin rəhbərliyi qaçqınların və məcburi köçkünlərin məskunlaşdığı yerlərdəki orta məktəblərdə tələbələrin təcrübə keçmələrinə nail olmaqla bərabər, həmin təhsil ocaqları ilə birbaşa əlaqə qurmaq, bu məktəblərdə təhsilin inkişafına kömək məqsədi ilə professor və müəllimlərin yerlərə ezam olunmasını, onların şagirdlərlə və pedaqoji kollektivlərlə görüşlərini təşkil etmək, eyni zamanda xeyriyyəçilik və mədəni tədbirlər həyata keçirmək niyyətindədir. Bütün bunlar, həm şagirdlərin, həm də tələbələrin inkişafında, vətəndaş kimi formalaşmasında böyük rol oynayacaqdır.
Universitetdə əmindirlər ki, müasir elmi-pedaqoji yeniliklərin əyalət məktəblərində tətbiqinin təhsilin inkişafına müsbət təsiri ilə yanaşı, mənəvi-psixoloji əhəmiyyəti də böyük olacaqdır.
Tələbələrin təcrübəsi ilə bağlı maliyyə xərclərini Bakı Slavyan Universiteti öz üzərinə götürmüşdür.