Bakıda 60 müəssisənin iştirakı ilə əmək yarmarkası keçirilib
Bakı, 19 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası Bakı şəhərində təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Bakı Regional Məşğulluq filialı tərəfindən təşkil edilən aktiv məşğulluq tədbirində 60 müəssisə iştirak edib və 1200-dən artıq vakansiya təqdim edilib.
Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. Yarmarkada işsiz və işaxtaran şəxslərə agentliyin aktiv məşğulluq istiqamətləri barədə məlumat verilib, müraciət etmək istəyən şəxslərlə ilkin sorğular həyata keçirilib. Yeni peşəyə yiyələnmək istəyən şəxslərə isə Peşə Hazırlığı Mərkəzlərində tədrisi həyata keçirilən kurslar təqdim edilib.
Yarmarkanın keçirilməsində əsas məqsəd işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev əmək yarmarkasına mindən çox işsiz və işaxtaranın dəvət olunduğunu bildirib. Əmək yarmarkasında şəhid ailəsi üzvlərinin və qazilərin də iştirak etdiyini qeyd edən C.Quliyev deyib: “Əhalinin məşğulluğu sahəsində xüsusi olaraq bizim öncüllüyümüz şəhid ailələri, müharibə əlilləri və müharibə iştirakçılarıdır. Bu, qanunvericilikdə də öz əksini tapıb. Həmin qəbildən olan vətəndaşları, ilk növbədə, həm işədüzəltmə, həm də aktiv məşğulluq tədbirlərinə cəlb edirik. Növbəlilik reyestrimiz əsasında insanlar bu və ya digər aktivlik tədbirlərinə cəlb olunurlar. Prezident İlham Əliyevin xüsusi təşəbbüsü ilə “Məşğulluq marafonu” həyata keçirilir. Həmin marafon çərçivəsində bu qəbildən olan insanlar işlə təmin olunurlar”.
Agentliyin sədr müavini yarmarkada yerli şirkətlərlə yanaşı, xarici müəssisələrin də vətəndaşlara öz vakansiyalarını təqdim etdiyini diqqətə çatdırıb.