Bakıda “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir
Bakı, 17 iyun, AZƏRTAC
Bu gündən etibarən “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, "Birbank Biznes"in rəsmi tərəfdaşlığı ilə keçirilən sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur.
Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Açılış mərasimində çıxış edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Mustafayev ölkəmizdə sahibkarlığın inkişafı, özəl sektorun dəstəklənməsi, yerli məhsulların ixrac potensialının artırılması və sərgilərin “Made in Azerbaijan” brendinin tanıdılmasında oynadığı mühüm rol barədə fikirlərini bölüşüblər.
Sərgi iyunun 20-dək davam edəcək. “Yerli şirkətlərin tanıtım sərgisi” artıq 7 ildir ki, yerli şirkətlərin məhsul və xidmətlərinin təqdim edildiyi ən böyük platformalardan biridir. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək olmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Əvvəlki illərdəki sərgilərdən fərqli olaraq builki sərgidə daha çox şirkət iştirak edir.
Sərgi çərçivəsində iştirakçılar üçün xüsusi ayrılmış “B2B zona”da iri şirkətlərin satınalma və təchizat üzrə rəhbər şəxsləri ilə qarşılıqlı və interaktiv işgüzar görüşlər keçirilir. “B2G zona”da isə sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud dəstək mexanizmləri ilə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı yaradılıb.
Builki sərgidə də KOBİA mikro və kiçik sahibkarlıq subyektlərinin ödənişsiz olaraq iştirakına dəstək göstərib. Bu məqsədlə qurulmuş xüsusi stenddə 10-a yaxın KOB subyektinin tekstil, bambuk divar panelləri, qapı istehsalı, ətir, kəlağayı, qənnadı məmulatları, mühasibatlıq, kadr və maliyyə, laboratoriya xidmətləri nümayiş olunur.
İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu, Azərbaycan Dövlət İqtisad Universiteti, eləcə də “Firavan Park”, “Vidal Özəl Sənaye Məhəlləsi”, “MG Transport”, “Tonuby Group”, “N-Advert”, “Moon Group”, “BHB Strategic and Creative CO” və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi sərginin tərəfdaşlarıdır.