İDMAN
Bakıda bədii gimnastika üzrə dünya kuboku turnirinin final yarışları keçirilir
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirinin üçüncü gününə start verilib.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir. Azərbaycan gimnastı Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə mükafatlar uğrunda mübarizə aparır. O, aprelin 26-da keçirilən təsnifat mərhələsində həmin alətlə yarışlarda 19,800 xal toplayıb.
Fərdi proqramda halqa, top, gürzlər, lent, qrup hərəkətləri proqramında isə 5 top, 3 halqa və iki cüt gürzlə yarışlarda ən güclülər məlum olacaq.
Ötən gün keçirilən çoxnövçülük yarışlarında qalib və mükafatçılar müəyyənləşib. Fərdi proqramda ilk üçlükdə Dina Averina, Arina Averina (Rusiya) və Vlada Nikolçenko (Ukrayna) qərarlaşıblar. Qrup hərəkətləri proqramında isə Yaponiya millisi qızıl, Rusiya yığması gümüş, Bolqarıstan təmsilçiləri isə bürünc medallara sahib olublar.