Bakıda daha bir kafenin karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərdiyi müəyyənləşdirilib
Bakı, 14 yanvar, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Bakıxanov qəsəbəsində müştərilərə yerində xidmət göstərən və karantin rejiminə əməl etməyən “Nataktari” kafesini aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, obyektin fəaliyyəti dərhal polis əməkdaşları tərəfindən dayandırılıb. Obyektə baxış zamanı kafenin icarədarı Ayaz Səlimov və daha 16 müştəri saxlanılaraq 13-cü polis bölməsinə gətirilib.
Müştərilər və obyektin icarədarı barəsində inzibati qaydada tədbirlər görülüb və onların hər biri cərimə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl olunmasının vacibliyi bir daha onların diqqətinə çatdırılıb.