İQTİSADİYYAT
Bakıda domen administratorlarının və qeydiyyatçılarının beynəlxalq konfransı keçirilir
Bakı, 10 sentyabr (AZƏRTAC). Sentyabrın 10-da Bakıda MDB, Mərkəzi və Şərqi Avropa ölkələrinin domen administratorlarının və qeydiyyatçılarının 7-ci beynəlxalq konfransı (TLDCON' 2014) öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrdən olan yüksək səviyyəli milli domenlərin aparıcı qeydiyyatçıları və administratorlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə keçirilən tədbir İnternet Şəbəkəsində Milli Domenin Əlaqələndirmə Mərkəzi tərəfindən təşkil edilib.
Sentyabrın 12-dək davam edəcək konfransda “New gTLD” proqramının ilk nəticələri, qeydiyyat strukturlarının və qeydiyyatçıların qarşılıqlı fəaliyyət istiqamətləri, qeydiyyat biznesi, istifadəçilər ilə əməkdaşlığın yeni modelləri, qlobal internetin inkişafının hüquqi aspektləri, təhlükəsizlik və DNS mövzuları ətrafında müzakirələr aparılacaq.