Bakıda gənc atalar və onların övladları üçün festival keçirilib
Bakı, 18 noyabr, AZƏRTAC
“Övladım üçün - gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Bakıda 200-ə yaxın gənc ata və övladının iştirakı ilə festival keçirilib.
NAYORA-dan AZƏRTAC-a bildiriblər ki, festival müxtəlif hədiyyəli oyunlar, şoular, rəqslər, sehrbazlıq səhnəsi, musiqili proqram və bir-birindən maraqlı və əyləncəli yarışlarla yadda qalıb. Festival çərçivəsində atalar övladları ilə birlikdə həmin yarışmalarda və uşaqların əylənə biləcəyi müxtəlif oyunlarda iştirak edərək hədiyyələr qazanıblar.
Layihə çərçivəsində əvvəlcə Bakı, Gəncə, Şirvan şəhərlərində “Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” mövzusunda təlimlər keçirilib. Layihənin davamı olaraq müvafiq şəhərlərdə festivalların təşkilinə start verilib.
Əsas məqsəd Azərbaycanda qızlara və qadınlara qarşı ayrı-seçkiliyi təbliğ edən sosial normaları aradan qaldıraraq kişiləri övladlarına qayğı və məsuliyyətlə yanaşmağa, həmçinin fəal və düzgün atalıq fəaliyyətinə cəlb olunmaqla məsuliyyətli atalıq mövqeyi sərgiləməyə təşviq etməkdir.
Qeyd edək ki, layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı gender bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində həyata keçirilir.