Bakıda gənc səudiyyəli diplomatlar üçün ixtisaslaşmış kurslar təşkil olunacaq
Ər-Riyad, 6 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin Şahzadə Səud Əl-Feysəl adına Diplomatik Araşdırmalar İnstitutu və Azərbaycanın ADA Universiteti arasında əldə olunmuş razılığa əsasən, bu ilin martında Bakıda gənc səudiyyəli diplomatlar üçün ixtisaslaşmış kurslar təşkil olunacaq.
Bu barədə Şahzadə Səud Əl-Feysəl adına Diplomatik Araşdırmalar İnstitutunda keçirilən görüşdə məlumat verilib.
Ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Rasim Rzayevin də iştirak etdiyi görüşdə institutun baş direktoru, doktor Əbdülkərim Əl-Dəxeyl Azərbaycandakı müxtəlif elmi mərkəzlərlə əməkdaşlıq etdiklərini vurğulayıb.
Əl-Dəxeyl rəhbərlik etdiyi institutun dəvəti ilə 2011-ci ildə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin Səudiyyə Ərəbistanı Krallığında səfərdə olduğunu və səfər zamanı iki təhsil ocağı arasında əməkdaşlığa dair sənədin imzalandığını diqqətə çatdırıb. Baş direktor 2015-ci il yanvarın 6-7-də Şahzadə Səud Əl-Feysəl adına Diplomatik Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə Ər-Riyadda “Səudiyyə Ərəbistanı, Orta Asiya və Xəzər dənizi ölkələrinin əlaqələri” mövzusunda seminarın və həmin il iyunun 3-6-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birgə “Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələri: Müştərək məsələlər” mövzusunda konfransın keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
İnstitutun baş direktoru Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında birgə maraqlara xidmət edən qarşılıqlı faydalı əməkdaşlığın rolunu vurğulayıb və ölkəsinin Azərbaycanla əlaqələrin bütün sahələrdə möhkəmlənməsinə böyük əhəmiyyət verdiyini bildirib.
Görüşdə çıxış edən R.Rzayev dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin ötən il aprelin 5-7-də Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərə yeni dinamizm gətirdiyini və əməkdaşlığın inkişafı üçün geniş üfüqlər açdığını diqqətə çatdırıb.
Sonda institutun hazırlıq proqramları üzrə rəhbəri Xalid bin İbrahim Əl-Əli təhsil ocağının fəaliyyəti haqqında məlumat verərək, onun Krallığın Xarici İşlər Nazirliyi və digər dövlət qurumları üçün ixtisaslı kadrlar hazırladığını, ölkəsinin xarici dövlətlərdə səfirlərinin və müxtəlif təşkilatlar nəzdində daimi nümayəndələrinin böyük əksəriyyətinin məhz bu institutun məzunları olduğunu vurğulayıb.
Səfir R.Rzayev ölkəmizin qədim tarixi, xalqımızın zəngin mədəniyyəti və musiqisi, milli adət-ənənələrimiz, mədəni irsimiz və mətbəximiz, cəmiyyətimizdə mövcud olan tolerantlıq mühiti, habelə Azərbaycanın xarici siyasəti, beynəlxalq aləmdə gündən-günə artan nüfuzu, dövlətimizin əldə etdiyi nailiyyətlər və qazandığı uğurlar barədə görüş iştirakçılarına ətraflı məlumat verib, sualları cavablandırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad