Bakıda gizli fəaliyyət göstərən “Play station” oyun zalı aşkar edilib
Bakı, 11 yanvar, AZƏRTAC
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları Fətəli xan Xoyski küçəsində fəaliyyət göstərən, epidemiya əleyhinə və karantin rejim qaydalarına əməl etməyən “Alfa” adlı “Play station” oyun zalı aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, obyektə baxış zamanı orada 21 nəfərin olduğu müəyyən edilib. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən obyektin sahibi Vüqar Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə), digər 21 nəfər barəsində isə qanunvericiliyə uyğun qaydada müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub.