BAKIDA GÜRCÜSTAN MƏDƏNİYYƏTİ GÜNLƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ OLMUŞDUR
Bakı, 22 iyun (AZƏRTAC). İyunun 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Gürcüstan mədəniyyəti günlərinin təntənəli açılış mərasimi olmuşdur.
Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizim nazirinin müavini Ədalət Vəliyev əlamətdar gün münasibətilə bütün iştirakçıları təbrik edərək vurğulamışdır ki, belə tədbirlər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəkdir.
Mədəniyyət günləri çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışan nazir müavini bildirmişdir ki, Azərbaycan ilə Gürcüstan arasında qədim tarixə malik siyasi, iqtisadi, mədəni əlaqələr bu gün də uğurla davam etdirilir.
Tədbirdə çıxış edən Gürcüstanın mədəniyyət, abidələrin qorunması və idman nazirinin müavini Marine Çoqoşvili demişdir ki, mədəniyyət bu gün millətləri yaxınlaşdırmaq, gərginlik, çarpışma səbəblərinin aradan qaldırılması, barış və sülh prinsiplərini bərqərar etmək üçün səmərəli vasitədir.
Mədəniyyət günlərinin Gürcüstan və Azərbaycan xalqları arasında əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini söyləyən nümayəndə heyətinin başçısı vurğulamışdır ki, bu ənənənin bundan sonra da uğurla davam etdirilməsinə çalışacağıq.
Mərasimdə Azərbaycanın Əməkdar Artisti Manana Caparidzeyə Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin müvafiq sərəncamı ilə layiq görüldüyü “Şöhrət” ordeni təqdim edilmişdir.
Sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində İ.Suxişvili və N.Ramişvili adına Gürcüstan dövlət rəqs ansamblı geniş konsert proqramı ilə çıxış etmişdir.
Milli gürcü rəqslərinin nümayiş olunduğu konsert iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
######
![]() |
![]() |

