Bakıda İslam Səfərlinin 90 illiyi qeyd olunmuşdur
Bakı, 31 oktyabr (AZƏRTAC). Oktyabrın 31-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanın görkəmli şair və dramaturqu, Əməkdar İncəsənət Xadimi İslam Səfərlinin anadan olmasının 90 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilmişdir. Tədbir Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, gecəni mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev açmışdır. O qeyd etmişdir ki, şairin yubileyi prezident İlham Əliyevin Sərəncamına əsasən keçirilir.
Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli İslam Səfərli yaradıcılığının müasir Azərbaycan ədəbiyyatının inkişafına təsirindən danışmışlar. Qeyd edilmişdir ki, Böyük Vətən müharibəsinin iştirakçısı olmuş İ.Səfərli ədəbiyyata müharibədən sonrakı illərdə gəlmişdir. Onun şeirləri milli lirikamızın xəzinəsinə daxil olmuşdur.
İslam Səfərli 1923-cü ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində doğulmuşdur. O, ömrünün otuz ilindən çoxunu milli ədəbiyyatın inkişafına həsr etmiş, saysız-hesabsız gözəl şeirlər, pyeslər, poemalar, dram əsərləri yaratmış, rus və türk yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Şair həmçinin oçerk, novella, libretto və kinossenari müəllifi kimi tanınmışdır.
Romantik şeirlərin müəllifi olan İ.Səfərli həm də dramaturq kimi şöhrət qazanmışdır. Şairin “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər” və bir çox başqa əsərləri oxucuların böyük rəğbətini qazanmışdır.
İslam Səfərli uzun sürən xəstəlikdən sonra 1974-cü il noyabrın 6-da vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
Şairin yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur, onun adına gəmi və Naxçıvanda məktəb vardır.
Tədbirdən sonra konsert olmuşdur. Konsertdə İslam Səfərlinin sözlərinə yazılan mahnılar səsləndirilmişdir.
Yubiley gecəsində mədəniyyət və elm sahəsinin, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.