İQTİSADİYYAT
Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçıları Bakı Limanına səfər ediblər
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 28-də Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası Baş Assambleyasının 42-ci iclasının iştirakçıları Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər ediblər.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının prezidenti Həbib Həsənov və Ümumdünya Nəqliyyat Yolları Təşkilatının baş katibi Umberto De Pretto rəhbərlik ediblər.
Əsas məqsəd Bakı Limanının avtomobil daşımalarındakı əhəmiyyətini və perspektivləri nəzərdən keçirmək olub.
Səfər çərçivəsində qonaqlar Bakı Limanının əməliyyatlar üzrə baş inzibatçısı Yucin Seah ilə görüşüblər. O, Bakı Limanında əməliyyatların icrasında operativliyin artırılması üçün tətbiq edilən yeniliklər, yaşıl logistik habın icrası üçün atılan addımlar, infrastruktur layihələri haqqında qonaqlara məlumat verib.
Nümayəndə heyəti Bakı Limanında yüklərin daşınmasını və terminallardakı iş prosesini birbaşa müşahidə ediblər.