BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 28 fevral (AZƏRTAC). Fevralın 28-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Zərdab, Gədəbəy və digər rayonların fermerləri satışa 16 tondan çox müxtəlif çeşidli meyvə-tərəvəz çıxarmışdılar. Burada qızğın alış-veriş gedirdi. Gədəbəyli fermer Arzu Tanrıquliyev bildirmişdir ki, paytaxta 5 ton kartof, kələm, alma, heyva, armud gətirmişdir. Son bir ayda yarmarkada 30 ton məhsul satmışdır. Onun sözlərinə görə, alıcıların təkliflərini nəzərə alır, daha çox ehtiyac duyulan məhsul gətirir.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Quba, Qusar, Salyan, Dəvəçi, Astara, İmişli və digər rayonların fermerlərinin gətirdiyi məhsullar çoxluq təşkil edirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərovun verdiyi məlumata görə, fermerlər və şəxsi təsərrüfat sahibləri satışa 70 ton məhsul çıxarmışlar. Bütün məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət məhsulları baytar müayinəsindən keçirilir.
Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Sabirabad, Masallı, Quba və digər rayonlardan 16 tondan çox kənd təsərrüfatı məhsulları, Giləzi, Hacıqabul quşçuluq fabriklərindən 16 min 200 ədəd yumurta gətirilmişdi. Masallıdan kartof gətirmiş Kənan Kazımov demişdir: “Məhsulun bol olması qiymətlərin sabit qalmasına səbəb olur. Bu il yarmarkada 7 tona yaxın məhsul satmışam. Kiloqramını 40 qəpiyə təklif etdiyim kartofu qəsəbə sakinləri həvəslə alırlar”.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada keyfiyyətli konserv məhsulları, meyvə-tərəvəz, ət və ağartı satılırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətovun verdiyi məlumata görə, bu gün Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri yarmarkaya 262,9 ton kənd təsərrüfatı məhsulları gətirmişlər. Şəhər sakinləri bazardakından xeyli ucuz qiymətlərə satılan həmin məhsulları həvəslə alırdılar.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar və digər rayonlardan gətirilmiş 51,4 ton məhsul təklif olunurdu. Narın yağış yağmasına baxmayaraq burada qələbəlik idi. Məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsulları, göyərti, alma, qoz, fındıq, habelə istixana şəraitində yetişdirilmiş pomidor, xiyar və s. çoxluq təşkil edirdi. Qubalı Firuz Baxşıyev yarmarkaya hər həftə keyfiyyətli məhsul gətirdiyini, onu münasib qiymətə satdığını bildirmişdir. Fermer satışa 2 tondan artıq meyvə-tərəvəz çıxarmışdı.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri satışa 8,6 tona yaxın məhsul çıxarmışdılar. Alıcılar yaradılan şəraitdən, məhsulun bolluğundan və qiymətlərin münasibliyindən razılıq edirdilər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada sakinlər Ağsu və Qazax fermerlərinin gətirdiyi məhsulları həvəslə alırdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin dediyinə görə, yarmarkada satışa 20 tonadək məhsul çıxarılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya Bərdə, Goranboy və Ağstafadan gətirilmiş meyvə-tərəvəz, süd və bostan məhsulları satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada Xaçmaz fermerləri satışa 46,7 ton məhsul çıxarmışdılar.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət etmişlər.
######
