BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 2 mart (AZƏRTAC). Martın 1-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan müxtəlif çeşidli kənd təsərrüfatı məhsulu gətirilmişdi. Gədəbəyli Suliddin Həsənov həyətyanı təsərrüfatından gətirdiyi 4 tondan çox kələmi, kartofu, kök və soğanı paytaxt sakinlərinə münasib qiymətə təklif edirdi. Torpaq sahibi soğanın, kartofun kiloqramını 30-40, kələmi və kökü 50-60 qəpiyə satırdı. Məhsulların bolluğu və çeşidin müxtəlifliyi seçim imkanlarını artırmışdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, ümumilikdə şənbə və bazar günü yarmarkada 26 tondan çox məhsul satılmışdır.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Novruzun yaxınlaşmasının əlamətləri aydın hiss olunurdu. Yarmarkadakı məhsullar arasında bayram çərəzlərinin çoxluq təşkil etməsi, eyni zamanda, bu məhsulların qiymətinin münasibliyi alıcılarıın seçim imkanlarını xeyli artırırdı. Salyan, Dəvəçi, Qusar, Astara, Quba və digər rayonların fermerləri satışa paytaxt sakinlərinin ən çox ehtiyac duyduğu məhsulları çıxarmışdılar. Burada məhsulun keyfiyyətinə, sanitar-gigiyenik tələblərə əməl olunmasına ciddi nəzarət vardı. Meydanın ortasında qoyulmuş nəzarət tərəzisi vasitəsilə hər bir alıcı aldığı məhsulun çəkisini yoxlaya bilərdi.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri alıcılara bol tərəvəz, meyvə, konserv məhsulları, pendir, mal və qoyun əti, bal təklif edirdilər. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada 81 ton tərəvəz, 115 ton meyvə, 49 ton kartof və digər məhsullar satılmışdır.
Bazar günü Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Gədəbəy, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri 51,4 ton, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri 8,6 ton məhsul satmışlar. Hər iki yarmarkaya gətirilən məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, ağartı, meyvə-tərəvəz çoxluq təşkil etmişdir. Sakinlər yumurtanın birini 8-10 qəpiyə, almanın kiloqramını 30-70 qəpiyə, qozu 2 manat-3 manat 50 qəpiyə, qoz ləpəsini 3-6 manata, şabalıdı 1 manat 50 qəpik-4 manata, xurmanı 30-80 qəpiyə, qoyun ətinini 5 manat-5 manat 50 qəpiyə, quzu ətini 6 manata, mal ətini 4 manat 60 qəpiyə, quş ətini 3 manat-3 manat 80 qəpiyə almışlar. Ümumiyyətlə, yarmarkada qiymətlər bazardakından 45-55 faiz ucuz olmuşdur.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada alıcılar həvəslə bazarlıq edirdilər. Onlara Qazax və Ağsudan gətirilmiş müxtəlif çeşidli meyvə-tərəvəz, süd və bostan məhsulları ucuz qiymətlərə təklif olunurdu. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirdi ki, şənbə və bazar günlərində yarmarkada 19 tondan çox məhsul satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Ağstafa və bərdəli fermerləri satışa bazardakından ucuz qiymətə kələm, kartof, kök, soğan, digər kənd təsərrüfatı məhsulları çıxarmışdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada iki gün ərzində 46,7 ton məhsul satılmışdır. Burada kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsullarının, göyərti, alma, qoz, fındıq, habelə istixana şəraitində yetişdirilmiş pomidor və xiyarın alıcısı daha çox olmuşdur.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət etmişlər.
######
