BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 10 mart (AZƏRTAC). Martın 8-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada satışa Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan gətirilmiş müxtəlif çeşidli kənd təsərrüfatı məhsulu çıxarılmışdı. Fermerlər soğanın, kartofun kiloqramını 30-40 qəpiyə, kələmi və kökü 50-60 qəpiyə satırdı. Sakinlər burada istədikləri kənd təsərrüfatı məhsulunu bazardakından xeyli ucuz qiymətə ala bilirdilər. Məhsulların bolluğu və çeşidin müxtəlifliyi seçim imkanlarını artırmışdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, ümumilikdə şənbə və bazar günü yarmarkada 26 tondan çox məhsul satılmışdır.
A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Novruzun yaxınlaşmasının əlamətləri aydın hiss olunurdu. Yarmarkadakı məhsullar arasında bayram çərəzlərinin çoxluq təşkil etməsi, eyni zamanda, bu məhsulların qiymətinin münasibliyi alıcılarıın seçim imkanlarını xeyli artırırdı. Yarmarka 8 Mart - Beynəlxalq Qadınlar gününə təsadüf etdiyindən burada bazar qiymətlərindən xeyli ucuz gül-çiçək də almaq olardı. Yarmarkada soğan-kartofun kiloqramı 40-50 qəpiyə, kələm 30-40 qəpiyə, alma 30-50 qəpiyə, istixanada yetişdirilən xiyar 80 qəpik- 1 manata, pomidor 1 manat 30- 1 manat 50 qəpiyə təklif olunurdu. Salyan, Dəvəçi, Qusar, Astara, Quba və digər rayonların fermerləri bir gün əvvəl yarmarkaya gətirdikləri 78,6 ton müxtəlif çeşidli məhsulun yarıdan çoxunu artıq satmışdılar. Burada məhsulun keyfiyyətinə, sanitar-gigiyenik tələblərə əməl olunmasına ciddi nəzarət vardı. Meydanın ortasında qoyulmuş nəzarət tərəzisi vasitəsilə hər bir alıcı aldığı məhsulun çəkisini yoxlaya bilərdi.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada sakinlər təklif olunan müxtəlif çeşidli meyvə-tərəvəzi və heyvandarlıq məhsullarını həvəslə alırdılar. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş 74,7 ton tərəvəz, 50 ton kartof və digər məhsullar satılmışdır. Novruz bayramı ərəfəsində alıcıların fəallığı artmış və malların çeşidi xeyli çoxalmışdır. Satışda fındıq, şabalıd, qoz və müxtəlif meyvə qurusu üstünlük təşkil edir. Yarmarkada Novruzun rəmzi olan səməni də satılırdı.
Bazar günü Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri 55 tondan çox, “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri 9 tondan artıq məhsul satmışlar. Hər iki yarmarkaya gətirilən məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, ağartı, meyvə-tərəvəz çoxluq təşkil etmişdir. Sakinlər yumurtanın birini 7-10 qəpiyə, almanın kiloqramını 30-70 qəpiyə, qoz ləpəsini 3-6 manata, şabalıdı 1 manat 50 qəpik-4 manata, xurmanı 30-80 qəpiyə, qoyun ətini 5 manat-5 manat 50 qəpiyə, mal ətini 4 manat 60 qəpiyə, quş ətini 3 manat-3 manat 80 qəpiyə almışlar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, havaların xoş keçməsi və bayram ovqatı sakinlərin yarmarkaya axınını artırmışdır. Fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa daha çox və müxtəlif çeşidli məhsul çıxarmaları üçün hər cür imkan yaradılmışdır.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya kök, alma, soğan, kələm, kartof, qoz, çuğundur, fındıq, pomidor, meyvə-tərəvəz, süd və bostan məhsulları çıxarılmışdı. Qazax və Ağsudan gətirilmiş həmin məhsullar alıcılara ucuz qiymətlərə təklif edilirdi.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirdi ki, şənbə və bazar günlərində yarmarkada 19 tonadək meyvə-tərəvəz satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Ağstafa və bərdəli fermerləri satışa bazardakından ucuz qiymətə kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Sakinlər istədikləri meyvə-tərəvəzi münasib qiymətlərə aldıqlarını söyləyirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada iki gün ərzində həmişəkindən xeyli çox - 54,1 ton məhsul çıxarılmışdır. Burada kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsullarının, göyərti, alma, qoz, fındıq, habelə istixana şəraitində yetişdirilmiş xiyar və pomidorun alıcısı daha çox olmuşdur.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət etmişlər.
######
