BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 14 mart (AZƏRTAC). Martın 14-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Zərdab, Gədəbəy və digər rayonlardan 13 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov dedi ki, buradakı bütün məhsulların keyfiyyəti ciddi yoxlanılır. Yarmarka yalnız Nəsimi rayonunun deyil, həm də paytaxtın digər rayon sakinlərinin daha çox üz tutduğu satış mərkəzinə çevrilmişdir. Burada qiymətlərin bazardakından 30-35 faiz ucuz olduğunu alıcılar da bildirirdilər.
Yarmarkada yumurtanın biri 7 qəpiyə, kartofun və soğanın kiloqramı 30-40 qəpiyə, qoyun əti 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə təklif edilirdi.
Novruzun gəlişi şənbə günü A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada aydın duyulurdu. Bu, yarmarkaya gətirilmiş kənd təsərrüfatı məhsullarının çeşidinin çoxluğundan, xüsusilə də bayram çərəzlərinin bolluğundan hiss olunurdu. Yarmarkanın girişində meyvə ağaclarının satışı da baharın gəlməsindən xəbər verirdi.
Yarmarkada Quba, Qusar, Salyan, Dəvəçi, Astara, İmişli və digər rayonların fermerlərinin gətirdiyi məhsullar çoxluq təşkil edirdi. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərov bildirdi ki, fermerlər və şəxsi təsərrüfat sahibləri satışa 82,7 ton məhsul çıxarmışlar. Bütün məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət məhsulları baytar müayinəsindən keçirilir.
Həmişə olduğu kimi, bu gün də Salyan rayonunun Qızılağac kəndindən - Söhrab Böyükağa oğlunun “Qırxçıraq” fermer təsərrüfatından gətirilmiş mal və qoyun ətlərini almaq üçün növbə yaranmışdı. Burada ət bazar qiymətlərindən xeyli aşağı - mal əti 4 manat 50 qəpiyə, qoyun əti 5 manat 60 qəpiyə satılırdı.
Paytaxtda yarmarkalar təşkil olunan ilk gündən yetişdirdiyi məhsulları burada satan astaralı fermer Tariyel Məmmədov demişdir: - Yarmarkada yaradılan şəraitdən çox razıyıq. Daimi müştərilərimizlə səmimi münasibətlər yaranmışdır.
Yarmarkadan əlidolu çıxan alıcılar məhsulun bolluğundan və qiymətlərin münasibliyindən razılıq edirdilər.
Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Sabirabad, Masallı, Quba və digər rayonlardan 14 tondan çox kənd təsərrüfatı məhsulları, Giləzi, Hacıqabul quşçuluq fabriklərindən 6 min 400 ədəd yumurta gətirilmişdir. Satıcı Nəcəf Dadaşov dedi ki, günün yeni başlamasına baxmayaraq, ədədini 6-7 qəpiyə təklif etdiyimiz yumurtaların artıq 30 faizini satmışıq.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirmişdir ki, Novruz bayramı münasibətilə əhaliyə təklif edilən məhsulların çeşidində dəyişiklik edilmişdir. Bayram ərəfəsində yarmarkaya üz tutanların sayı xeyli artmışdır.
Yarmarkada kartofun, almanın, soğanın kiloqramı 30-40 qəpiyə, quş əti 3 manat 50 qəpiyə, qoz 2 manata, fındıq 1 manat 80 qəpiyə təklif edlirdi.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş 268,5 ton meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsulları şəhər əhalisi tərəfindən həvəslə alınırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, yarmarkaya çıxarılan məhsulların çeşidi artırılmışdır. Novruz bayramı ərəfəsində burada satılan məhsullar arasında fındıq, qoz, şabalıd, alma, müxtəlif şirniyyat məmulatları üstünlük təşkil edir. Yarmarkada Novruzun rəmzi olan səməni də təklif olunurdu. Alıcılar bayram ərəfəsində yaradılmış bolluqdan, qiymətlərin ucuzluğundan razılıq edirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar və digər rayonlardan gətirilmiş 59 ton 450 kiloqram məhsul təklif olunurdu. Havaların xoş keçməsi və bayram ovqatı şəhər sakinlərinin yarmarkaya axınını gücləndirmişdir. Burada fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa daha çox və müxtəlif çeşidli məhsul çıxarmalarına imkan yaradılmışdır. Yarmarkaya gətirilən məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsulları, göyərti, alma, qoz, fındıq, habelə istixanalarda yetişdirilmiş pomidor və xiyar, eləcə də Novruz bayramında istifadə olunan digər məhsullar çoxluq təşkil edirdi.
Qubalı fermer Daşdəmir Əmrullayev yarmarkada onlar üçün yaradılmış şəraitdən razılığını bildirdi və dedi ki, öz təsərrüfatında yetişdirdiyi alma və armudu bazar qiymətindən aşağı satır.
Bayramqabağı fermerlər və fərdi təsərrüfat sahibləri daha çox məhsul satmaq istəyirlər. Onlar alıcılara təklif etdikləri malın qiymətini də xeyli aşağı salmışlar. Burada yumurtanın biri 7-10 qəpiyə, almanın kiloqramı 20-70 qəpiyə, qoz ləpəsi 3-5 manat, şabalıd 1 manat 50 qəpik-4 manata, xurma 30-70 qəpiyə, qoyun əti 5 manat-5 manat 50 qəpiyə, quzu əti 6 manata, mal əti 4 manata, quş əti 3 manat-3 manat 50 qəpiyə satılırdı.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada Cəlilabad rayonunun fermerləri sakinlərə 9 ton 800 kiloqram məhsul təklif edirdilər. Burada sakinlərə bazar qiymətlərindən xeyli ucuz ət, ağartı, kartof, soğan, sitrus meyvələri, alma, nar, heyva, toyuq əti, yumurta, kələm, balqabaq, göyərti və s. təklif edirdilər.
Yarmarkaya 69 tondan çox məhsulun çıxarıldığını bildirən Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov, bütün məhsulların keyfiyyətinin ciddi surətdə yoxlanıldığını, xüsusilə ət məhsullarının baytar müayinəsindən keçirildiyini diqqətə çatdırmışdır.
Yarmarkadan əlidolu çıxan sakinlər həm qiymətlərin ucuz olmasından, həm də məhsulun bolluğundan razılıq edirdilər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada alıcılara bazar qiymətlərindən 25-30 faiz ucuz olan məhsullar təklif olunurdu. Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, bu gün rayonun fermerləri satışa 1,7 ton alma, 5,4 ton kartof, 2 ton kələm, digər meyvə-tərəvəz və bostan məhsulları çıxarmışlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin dediyinə görə, Ağsu və Qazax rayonlarından yarmarkaya satışa 18,4 ton məhsul gətirilmişdir.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada da bolluq diqqəti cəlb edirdi. Ağstafa, Bərdə və Goranboydan gətirilmiş qoz, alma, kələm və digər məhsullar ucuz qiymətlərə təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, şənbə günü Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada fermerlər 36,8 ton məhsul çıxarmışdılar.
Astara Rayon İcra Hakimiyyətinin nümayəndəsi Səfər Abdullayev Novruzun gəlişi ilə əlaqədar fermerlərin 2,5 ton subtropik meyvələr və tələbata uyğun olaraq tərəvəz məhsulları gətirdiklərini bildirmişdir.
Məhsulların qiymətində xeyli endirim müşahidə olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######
