BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 28 mart (AZƏRTAC). Martın 28-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 22 tondan çox məhsul, o cümlədən 2 ton ət, 0,3 ton ağartı, 3,5 ton tərəvəz, 3,5 ton meyvə, 3 ton kartof, 4 min ədəd yumurta, 40 kiloqram bal təklif olunurdu.
Yarmarkaya 250 kiloqram mal əti gətirmiş sabirabadlı Rauf Qasımov ətin 1 kiloqramını 4 manata satırdı. Fermer yarmarkaya hər həftə məhsul gətirəcəyini bildirdi.
Alıcı Arzu Əliyevanın sözlərinə görə, yaxın ərazidə yaşadığından həmişə buradan bazarlıq edir. Məhsulların qiyməti münasib, keyfiyyəti isə yüksəkdir.
Şənbə günü A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Quba, Qusar, Salyan, Dəvəçi, Astara, İmişli və digər rayonların fermerlərinin gətirdiyi məhsullar çoxluq təşkil edirdi. Fermerlər və şəxsi təsərrüfat sahibləri satışa 81,2 ton məhsul çıxarmışlar. Bütün məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət məhsulları baytar müayinəsindən keçirilir.
Badamdar qəsəbəsinin mərkəzində, 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Sabirabad, Masallı, Quba və digər rayonlardan 9 tondan çox kənd təsərrüfatı məhsulları, Giləzi, Hacıqabul quşçuluq fabriklərindən 14 min 400 ədəd yumurta gətirilmişdir.
Gəncədən 500 dəstə göyərti gətirmiş Sona Nəzərova dedi ki, bu yarmarkaya ikinci dəfədir gəlirəm. Dəstəsini 20 qəpiyə təklif etdiyim göyərtini qəsəbə sakinləri böyük həvəslə alırlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev qeyd etdi ki, yazın gəlişi ilə bağlı məhsulların çeşidində və qiymətlərdə fərq özünü göstərməkdədir. Burada qiymətlər bazardakından ən azı 30-35 faiz ucuzdur.
Qəsəbə sakinləri Həsən Məmmədov, Dadaş Bayramov, Firəngiz Salmanova və başqaları yarmarkaların ardıcıl təşkilinə və məhsulların ucuzluğuna görə minnətdarlıqlarını bildirirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş 246,2 ton meyvə, tərəvəz, bostan bitkiləri və digər kənd təsərrüfatı məhsulları şəhər əhalisi tərəfindən həvəslə alınırdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağıdır. Məhsullar keyfiyyətli, qiymətlər münasib olduğundan alıcıların sayı olduqca çox idi. Yarmarkada qozun və fındığın kiloqramı 1 manat 80 qəpiyə satılırdı.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar və digər rayonlardan gətirilmiş 49 ton 300 kiloqram məhsul təklif olunurdu. Burada fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa daha çox və müxtəlif çeşidli məhsul çıxarmalarına imkan yaradılmışdır. Yarmarkaya gətirilən məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsulları, göyərti, habelə istixana şəraitində yetişdirilmiş pomidor, xiyar, alma, qoz, fındıq və digər məhsullar çoxluq təşkil edirdi.
Fermerlər və fərdi təsərrüfat sahibləri daha çox məhsul satmaq üçün alıcılara təklif etdikləri malın qiymətini də xeyli aşağı salmışlar. Burada yumurtanın biri 7-10 qəpiyə, almanın kiloqramı 20-40 qəpiyə, qoz ləpəsi 3-5 manat, şabalıd 1 manat 50 qəpik-3 manata, xurma 20-50 qəpiyə, mal əti 4 manata, qoyun əti 5 manata, quzu əti 6 manata, quş əti 3 manata satılırdı.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada Cəlilabad rayonunun fermerləri sakinlərə 6 ton 900 kiloqram məhsul təklif edirdilər. Burada sakinlərə bazar qiymətlərindən xeyli ucuz ət, ağartı, kartof, soğan, sitrus meyvələri, alma, nar, heyva, toyuq əti, yumurta, kələm, balqabaq, göyərti və s. təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bütün məhsulların keyfiyyətinin ciddi surətdə yoxlanıldığını, xüsusilə ət məhsullarının baytar müayinəsindən keçirildiyini diqqətə çatdırmışdır.
Yarmarkadan əlidolu çıxan sakinlər həm qiymətlərin ucuz olmasından, həm də məhsulun bolluğundan razılıq edirdilər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada alıcılara bazar qiymətlərindən 25-30 faiz ucuz olan 19 tondan çox kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada da bolluq diqqəti cəlb edirdi. Ağstafa, Bərdə və Goranboydan gətirilmiş qoz, alma, kələm və digər məhsullar ucuz qiymətlərə təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######
