BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 29 mart (AZƏRTAC). Martın 29-da Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş geniş çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Satışa 7 min yumurta gətirmiş hacıqabullu Fariz Rzayev yarmarkaya hər həftə məhsul gətirəcəyini bildirmişdir.
Hər şənbə-bazar yarmarkada alış-veriş etdiyini söyləyən pensiyaçı Cəmilə Qasımova dedi ki, bazarla müqayisədə burada ucuzluqdur.
Ümumilikdə iki gündə yarmarkada 22 tondan çox məhsul satılmışdır.
Şənbə-bazar günləri A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Quba, Qusar, Salyan, Dəvəçi, Astara, İmişli və digər rayonların fermerlərinin gətirdiyi məhsullar çoxluq təşkil etmişdir. Fermerlərin və şəxsi təsərrüfat sahiblərinin satışa çıxardıqları 81,2 ton məhsulun çox hissəsi satılmışdır. Yarmarkada bütün məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət məhsulları baytar müayinəsindən keçirilir.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində məhsul bolluğu diqqəti cəlb edirdi. Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri alıcılara meyvə-tərəvəz, konserv məhsulları, ət və ağartı təklif edirdilər. İşçi qrupunun qərargahından verilən məlumata görə, yarmarkada 44 ton kartof, 117,5 ton meyvə, 70 ton tərəvəz, 7,2 ton ət və digər məhsullar satılmışdır. Şəhər sakinləri təzə və keyfiyyətli məhsulların qiymətinin bazardakından ucuz olduğuna görə razılıq edirdilər.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada şəhər sakinlərinə Samux, Daşkəsən, Quba, Biləsuvar və digər rayonlardan gətirilmiş 49 ton 300 kiloqram məhsul təklif olunmuşdur. Burada fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa daha çox və müxtəlif çeşidli məhsul çıxarmalarına imkan yaradılmışdır. Yarmarkaya gətirilən məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsulları, göyərti, habelə istixana şəraitində yetişdirilmiş pomidor, xiyar, alma, qoz, fındıq və digər məhsullar çoxluq təşkil etmişdir.
Fermerlər və fərdi təsərrüfat sahibləri daha çox məhsul satmaq üçün alıcılara təklif etdikləri malın qiymətini də xeyli aşağı salmışlar. Burada yumurtanın biri 7-10 qəpiyə, almanın kiloqramı 20-40 qəpiyə, qoz ləpəsi 3-5 manat, şabalıd 1 manat 50 qəpik-3 manata, xurma 20-50 qəpiyə, mal əti 4 manata, qoyun əti 5 manata, quzu əti 6 manata, quş əti 3 manata satılmışdır.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada Cəlilabad rayonunun fermerləri sakinlərə bazar qiymətlərindən xeyli ucuz 7 tona yaxın məhsul - ət, ağartı, kartof, soğan, sitrus meyvələri, alma, nar, heyva, toyuq əti, yumurta, kələm, balqabaq, göyərti və s. təklif etmişlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bütün məhsulların keyfiyyətinin ciddi surətdə yoxlanıldığını, xüsusilə ət məhsullarının baytar müayinəsindən keçirildiyini diqqətə çatdırmışdır.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Ağsu və Qazax rayonlarından olan fermerlər alıcılara bazar qiymətlərindən xeyli ucuz kələm, kök, kartof, çuğundur, soğan və digər kənd təsərrüfatı məhsulları təklif etmişlər.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, şənbə və bazar günlərində burada 19 tondan çox məhsul satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada sakinlər Goranboy, Ağstafa və Bərdə rayonlarından gətirilmiş kənd təsərrüfatı məhsullarını həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət etmişlər.
######
