BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 6 aprel (AZƏRTAC). Aprelin 5-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş geniş çeşiddə kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirmişdir ki, iki gün ərzində yarmarkada satışa 4 ton ət məhsulları, 5 ton meyvə, 7 ton kartof, 5,5 ton tərəvəz məhsulları, 100 kiloqram bal və digər kənd təsərrüfatı məhsulları çıxarılmış, bunların çox hissəsi satılmışdır.
Hər şənbə-bazar yarmarkada alış-veriş etdiyini söyləyən pensiyaçı Svetlana Əliyeva dedi ki, bazarla müqayisədə burada ucuzluqdur.
Ümumilikdə iki gündə yarmarkada 22,6 ton məhsul satılmışdır.
Şənbə-bazar günləri A.Şərifzadə küçəsində, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada Quba, Qusar, Salyan, Dəvəçi, Astara, İmişli və digər rayonların fermerlərinin gətirdiyi məhsullar çoxluq təşkil etmişdir. Fermerlərin və şəxsi təsərrüfat sahiblərinin satışa çıxardıqları 79,3 ton məhsulun çox hissəsi satılmışdır. Yarmarkada bütün məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət məhsulları baytar müayinəsindən keçirilir.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarının fermerləri alıcılara tərəvəz, meyvə, konserv məhsulları, pendir, mal və qoyun əti, bal təklif edirdilər. Qiymətləri bazardakından ucuz olan həmin məhsullar həvəslə alınırdı. İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada 71 ton tərəvəz, 89 ton meyvə, 47,5 ton kartof və digər məhsullar satılmışdır.
Aprelin 4-5-də Suraxanı rayonundakı yarmarkalarda ümumilikdə 56 ton 650 kiloqram məhsul satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Samux, Daşkəsən, Quba, Biləsuvar və digər rayonlardan gətirilmiş 49 ton 650 kiloqram məhsul satılmışdır. Havaların xoş keçməsi şəhər sakinlərinin yarmarkaya axınını gücləndirmişdir. Burada fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa daha çox və müxtəlif çeşidli məhsul çıxarmalarına bütün imkanlar yaradılmışdır. Gətirilən məhsullar arasında kartof, soğan, yerkökü, kələm, balqabaq, ət, süd məhsulları, göyərti, xiyar, alma, armud, qoz, fındıq, habelə istixana şəraitində yetişdirilmiş pomidor və digər məhsullar çoxluq təşkil edirdi.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri 7 ton məhsul satmışlar. Burada sakinlərə bazar qiymətlərindən xeyli ucuz ət, kartof, soğan, sitrus meyvələri, alma, nar, heyva, toyuq əti, yumurta, kələm, balqabaq, göyərti və s. təklif olunmuşdur.
Yarmarkalarda bütün məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, xüsusilə ət məhsulları baytar müayinəsindən keçirilir.
Alıcılar burada yaradılan şəraitdən, məhsulun bolluğundan və qiymətlərin münasibliyindən razılıqlarını bildirmişlər.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada Ağsu və Qazax rayonlarından olan fermerlər alıcılara bazar qiymətlərindən xeyli ucuz kələm, kök, kartof, çuğundur, soğan və digər kənd təsərrüfatı məhsulları təklif etmişlər.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov dedi ki, şənbə və bazar günlərində yarmarkada 20 tonadək məhsul satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada sakinlərə Goranboy, Ağstafa və Bərdə rayonlarından gətirilmiş kənd təsərrüfatı məhsulları təklif olunurdu.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qasımovun verdiyi məlumata görə, şənbə-bazar günləri Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada fermerlər 41,7 ton məhsul çıxarmışdılar.
Alıcılardan Gülnarə İbadova, Şəfiqə Namazova baharın gəlişi ilə əlaqədar məhsulların qiymətində xeyli endirim müşahidə olunduğunu söyləmişlər.
Yarmarkada kartof 30-50 qəpiyə, pomidor 1 manat 50 qəpiyə, xiyar 1 manata, soğan 40 qəpiyə, çuğundur 60 qəpiyə, kök 50 qəpiyə, alma 30 qəpiyə, mal əti 4 manat 50 qəpiyə, qoyun əti 5 manata, yumurtanın biri 5-6 qəpiyə, göyərtinin dəstəsi 10 qəpiyə təklif olunurdu.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.
######
![]()
