Bakıda mövsümi ağacəkmələr aparılır
Bakı, 29 dekabr, AZƏRTAC
Mövsümlə əlaqədar Bakı şəhərinin müxtəlif ərazilərində kütləvi ağacəkmə və yaşıllaşdırma işləri aparılır.
Bu barədə AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilən məlumata görə, görülən işlər paytaxt ərazisində yaşıllıq sahələrinin artırılması məqsədilə birlik tərəfindən hazırlanmış şəhərin yeni yaşıllıq planı əsasında görülür.
Qeyd olunub ki, əkin prosesində Bakı şəhərinin iqlim şəraitinə uyğunlaşdırılmış yerli ağac növləri ilə yanaşı, yeni növ enliyarpaqlı ağaclardan və xüsusi rəng çalarlarına malik ağcaqayınlardan da istifadə olunur. Gün ərzində birliyin əməkdaşları tərəfindən paytaxtdakı Atatürk parkında keçən əsrdə əkilmiş və hazırda ömrünü başa vurmuş qovaq ağacları çıxarılaraq yerinə Bakı şəhərinin iqliminə uyğun yeni ağacların əkilməsi həyata keçirilib. Həmçinin Mərdəkan qəsəbəsinin mərkəzindəki Yesenin küçəsində magistral yolun kənarındakı artıq ömrünü başa vurmuş ağacların yerində də yeni ağaclar əkilib, bu ağacların suvarılması və onlara qulluq göstərilməsi məsələləri həll edilib. Həmçinin yol kənarlarındakı ağacların qurumuş budaqları budanır.
Diqqətə çatdırılıb ki, bu mövsümün əvvəlindən etibarən təkcə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif rayonlarında 30 mindən artıq yeni ağac, 50 mindən çox dekorativ gül kolu əkilib, 4 yerdə meşə tipli yaşıllıq massivi salınıb.
Bu işlərlə yanaşı, mərkəzdəki Üzeyir Hacıbəyov, 28 May, Zərifə Əliyeva, Rəşid Behbudov və digər küçələrdə mövcud ağacların dibində müxtəlif rəngli dekorativ qızıl gül və sarmaşıqlar əkilir, yol kənarlarında güllərdən müxtəlif kompozisiyalar qurulur ki, bu da gələcəkdə həmin ərazilərə xüsusi yaraşıq verəcək.
Təcrübəli landşaft mütəxəssisləri tərəfindən tərtib edilən bu xüsusi planın həyata keçirilməsi Bakı şəhərində yaşıllıq sahəsində yeni rənglərin yaranmasına səbəb olacaq.
Paytaxtın yaşıllıq səviyyəsinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması məqsədilə şəhərin bütün rayonlarında həyata keçirilən bu tədbirlər paytaxtın estetik görünüşünün yaxşılaşdırılamasına imkan verəcək.