ELM VƏ TƏHSİL
BAKIDA QARA DƏNİZ HÖVZƏSİ ÖLKƏLƏRİNİN UNİVERSİTETLƏRİ ŞƏBƏKƏSİNİN II KONQRESİ İŞƏ BAŞLADI
Bakı Dövlət Universitetində Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Şəbəkəsinin II konqresinin təntənəli açılış mərasimi olmuşdur. Konqresin işində Azərbaycan, Gürcüstan, Rusiya, Rumıniya, Türkiyə, Yunanıstan, Albaniya, Ukrayna, Bolqarıstan ali məktəblərinin nümayəndələri iştirak edirlər.
Mərasim qədim tələbə himni “Qaudemus İqitura”nın (“Qoyun biz şənlənək”) və Azərbaycanın dövlət himninin sədaları altında açıldı.
Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti Heydər Əliyevin konqres iştirakçılarına təbrik məktubunu oxudu.
Sonra təhsil naziri Misir Mərdanov konqresin işə başlaması münasibətilə onun iştirakçılarını təbrik etdi və bildirdi ki, Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri şəbəkəsinin yarandığı gündən on il örmüşdür və belə nüfuzlu konqresin ölkəmizdə keçirilməsi Azərbaycan üçün əlamatdar hadisədir. Nazir Azərbaycanda tədris prosesinə təsir edən əsas problemlərdən danışaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundu və bildirdi ki, münaqişə nəticəsində yüz minlərlə şagird çadırlarda və təhsil almaq üçün yararlı olmayan digər yerlərdə oxumağa məcburdur. Lakin bütün bunlara baxmayaraq, Təhsil Nazirliyi Azərbaycan Prezidenti Heydər Əliyevin təhsilin keyfiyyətinin yüksəlməsinə yönəlmiş xəttini planlı surətdə həyata keçirir. Beynəlxalq əlaqələr inkişaf edir. 4 mindən artıq azərbaycanlı dünyanın müxtəlif ölkələrinin ali məktəblərində oxuyur, Azərbaycanda isə 2 minə yaxın əcinəbi vətəndaş ali təhsil alır.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının vitse-prezidenti Yaşar Əliyev bu qurumun prezidenti, Yunanıstan parlamentinin sədri Apostolos Kaklamanisin təbrik məktubunu oxudu.
Mərasimdə Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Şəbəkəsinin prezidenti Suxa Sevuk, bu təşkilatın birinci prezidenti Adrian Bavaru da çıxış etdilər. Rumıniyanın təhsil naziri Yekaterina Androneskunun, M.Lomonosov adına MDU-nun rektoru, Avrasiya Universitetləri Assosiasiyasının prezidenti Viktor Sadovniçinin təbrikləri oxundu.
BDU-nun rektoru, MEA-nın müxbir üzvü Abel Məhərrəmov bildirdi ki, bu yaxınlarda universitetdə Şəbəkənin Azərbaycandakı nümayəndəliyi fəaliyyətə başlamışdır. BDU Rumıniya, Türkiyə, Gürcüstan, Ukrayna və Yunanıstan universitetləri ilə fəal əməkdaşlıq edir.
Mərasimin sonunda BDU-nun özfəaliyyət kollektivinin konserti oldu.