Bakıda qeydiyyatda olmayan sərnişinləri bölgələrdən daşıyan sürücülər saxlanılıblar
Bakı, 29 dekabr, AZƏRTAC
Karantin qaydalarını kobud şəkildə pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir neçə sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, taksi fəaliyyəti ilə məşğul olan vətəndaş Anar Nəsibov və sərnişini Elşən Vahabov həyata keçirilən əməliyyat nəticəsində tutulublar. Araşdırma zamanı sürücünün paytaxt qeydiyyatında olmayan bu şəxsi Bakı-Şamaxı yolundakı karantin postundan qeyri-qanuni yolla keçirərək paytaxta gətirdiyi müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri daha bir tədbir zamanı isə paytaxt qeydiyyatında olmayan sərnişinləri Bakı-Ələt yolundakı karantin postundan qanunsuz keçirən daha 4 taksi sürücüsü saxlanılıb. Tədbir zamanı həmin sürücülər - Əhmədağa Fərəcov, Tofiq Həsənov, Rəşadət Hümbətov və Vasif İsmayılov tutularaq polis idarəsinə gətiriliblər. Araşdırma zamanı onların müvafiq olaraq Cəlilabad, Tovuz, Ağdam rayonlarından və Mingəçevir şəhərindən Bakıda qeydiyyatda olmayan sərnişinlər gətirdikləri və bununla da xüsusi karantin qaydalarını pozduqları sübuta yetirilib.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib. Onlar haqqında toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmə orqanlarına göndərilib.
Daxili İşlər Nazirliyi karantin qaydalarını pozaraq bölgələrdən paytaxta və əks istiqamətdə qanunsuz yolla sərnişin daşıyan sürücülərə bir daha xəbərdarlıq edərək onlardan Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi bütün qaydalara riayət olunmasını tələb edir. Əks halda həmin sürücülər polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək barələrində ciddi intizam tədbirləri görüləcək.