İDMAN
Bakıda real aykido özünümüdafiə sənəti üzrə səkkizinci beynəlxalq seminar və kəmər imtahanı keçirilib
Bakı, 31 may, AZƏRTAC
Beynəlxalq Real Aykido Federasiyasının təşəbbüsü ilə Bakıda real aykido özünümüdafiə sənəti üzrə 8-ci beynəlxalq seminar və kəmər imtahanı keçirilib.
AZƏRTAC xəbər verir ki, 28 May - Müstəqillik Gününə həsr olunan tədbirdə fəxri qonaq qismində dövlət rəsmiləri, federasiya rəhbərləri, incəsənət xadimləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Bədii açılışdan sonra fəxri qonaqlar idmançılara uğurlar arzu edərək onlara öz tövsiyələrini veriblər. Seminarda real aykidoçularla yanaşı, başqa federasiyaların idmançıları da iştirak ediblər.
Daha sonra növbəti idman dərəcələri uğrunda kəmər imtahanı baş tutub. Seminarı Beynəlxalq Real Aykido Federasiyasının prezidenti yeddinci dan qara kəmər ustası, professor İqor Petroviç keçirib. Üç yüzə yaxın idmançının iştirak etdiyi kəmər imtahanı uğurla nəticələnib və Azərbaycan Real Aykido Federasiyası 5-ci dəfə dünya üzrə birinci yerə layiq görülüb.
On dörd imtahan iştirakçısı isə ən yüksək nəticə göstərərək birinci, ikinci və üçüncü dan qara kəmər dərəcələrinə sahib olub.
Sonda Azərbaycan Real Aykido Federasiyasının rəhbəri Fariz Abdullayev uzun illər göstərdiyi xüsusi xidmətlərinə görə, beynəlxalq qurumun rəhbəri İ.Petroviç tərəfindən beşinci dan qara kəmər ustası adına layiq görülüb və təşəkkürnamə ilə təltif edilib.