Bakıda Rumıniyanın milli bayramı qeyd edilib
Bakı, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-də Rumıniyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Birlik Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Daniel Kristian Çiobanu ölkəsinin keçdiyi inkişaf yolu haqqında məlumat verib. Azərbaycan-Rumıniya münasibətlərinə toxunan diplomat ölkələrimiz arasında hərtərəfli əlaqələrin son illər sürətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər hər iki ölkənin strateji əməkdaşlığının daha da inkişafına böyük töhfə verir. Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsindən məmnunluğunu diqqətə çatdıran səfir münasibətlərimizin gələcəkdə daha sürətlə inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Energetika naziri Natiq Əliyev əlamətdar gün münasibətilə dost rumın xalqını Azərbaycan Hökuməti adından təbrik edib.
Rumıniyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu deyən nazir ölkələrimiz arasında əlaqələrin əsasının ümummilli lider Heydər Əliyevin 1995-ci ildə bu ölkəyə rəsmi səfəri ilə qoyulduğunu bildirib. O, ötən müddətdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və informasiya texnologiyaları sahəsində əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Nazir əmin olduğunu bildirib ki, Azərbaycan ilə Rumıniya arasında əməkdaşlıq istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional təşkilatlar çərçivəsində daha da inkişaf edəcək.
Qəbulda rəsmi şəxslər, səfirlər, deputatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.