BAKIDA UKRAYNA SƏFİRLİYİ ÜÇÜN TİKİLƏCƏK BİNALARIN LAYİHƏLƏRİ İLƏ TANIŞLIQ
AZƏRTAC xəbər verir ki, iyunun 30-da Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yuşşenko Bakıda Ukraynanın yeni səfirliyi üçün ayrılan əraziyə baxmış və burada tikiləcək binaların layihələri ilə tanış olmuşlar.
Ukrayna səfirliyi üçün ayrılan ərazi Xətai rayonunda, Katolik kilsəsinin yaxınlığında, İzzət Orucova və Nəcəfqulu Rəfiyev küçələrinin arasında yerləşir. Sahəsi 0,9 hektar olan ərazidə səfirliyin binası ilə yanaşı, konsulluq, texniki və yaşayış binalarının inşası da nəzərdə tutulmuşdur.
Dövlət başçılarına məlumat verildi ki, paytaxtın abadlaşdırılan və yeni, müasir tikintilərlə zəngin olan bu ərazisində inşa olunacaq səfirlik kompleksi üçün 2 layihə hazırlanmışdır. Azərbaycan memarlarının təklif etdiyi layihələr Ukrayna və Azərbaycan memarlıq üslublarını özündə birləşdirir.
Dövlət başçılarına səfirlik kompleksinin eskizləri təqdim olundu. Klassik memarlıq üslubunda hazırlanmış birinci layihədə ənənəvi yerli materiallardan və Ukraynanın qırmızı qranitindən istifadə olunması nəzərdə tutulur. Modern üslubda işlənmiş ikinci layihə isə forma etibarilə fərqlənməklə yanaşı, müasir üzlüklər - şüşə və metal materiallardan geniş istifadəni tələb edir.
Kompleksin mərkəzində 440 kvadratmetr ərazini əhatə edən səfirliyin üçmərtəbəli binası yerləşəcəkdir. Digər üçmərtəbəli konsulluq binası üçün 210 kvadratmetr sahə ayrılıb. 463 kvadratmetr ərazini əhatə edən yaşayış binasında diplomatik korpusun əməkdaşları, Ukraynanın Azərbaycanda fəaliyyət göstərən müəssisələrində çalışan nümayəndələri yaşayacaqlar. Doqquzmərtəbəli, ikibloklu binanın birinci mərtəbəsində Ukrayna Mədəniyyət və Sərgi Mərkəzi fəaliyyət göstərəcəkdir. Səfirliyin ərazisində ikimərtəbəli texniki bina da inşa ediləcəkdir. Bina idman-istirahət kompleksi üçün nəzərdə tutulub.
Dövlət başçılarına ərazidə aparılacaq abadlaşdırma işləri barədə də məlumat verildi və bildirildi ki, burada yaşıllıq salınacaq və istirahət üçün hər cür şərait yaradılacaqdır.
Prezidentlər layihələr və görüləcək işlərlə bağlı tövsiyələrini verdilər.
Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yuşşenko burada xatirə şəkli çəkdirdilər.
######
![]() |
![]() |

