Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Ailə Festivalı keçirilib
Bakı, 16 may, AZƏRTAC
Mayın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Ailə Festivalı keçirilib. Tədbirin təşkilində əsas məqsəd cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailələrin asudə vaxtının səmərəli təşkili, milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsidir.
AZƏRTAC xəbər verir ki, “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında təşkil olunan tədbirdən əvvəl Azərbaycanın müxtəlif regionlarını təmsil edən ailələr, həmçinin Türkiyədə baş verən zəlzələdən zərər çəkmiş ailələr Şəhidlər xiyabanını, Fəxri xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.
Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ailə dəyərlərinin qorunub saxlanması və dövlət siyasətinin bir hissəsinə çevrilməsi, həmçinin müasir, demokratik əsaslarda inkişaf etdirilməsi istiqamətində gördüyü işlərin əvəzsiz olduğunu bildirib.
Qardaş Türkiyədə zəlzələdən zərər çəkən 30 ailənin festivala dəvət olunduğunu diqqətə çatdıran komitə sədri vurğulayıb ki, Türk dövlətləri öz tarixinə, soykökünə, dəyərlərinə və mədəniyyətinə çox bağlıdır və daha bağlı olacaq.
Tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunmasının mühüm məsələ olduğunu vurğulayan komitə sədrinin sözlərinə görə, hər il ənənəvi olaraq keçirilən Ailə Festivalı həm də milli ailə dəyərlərinin bayramıdır.
Ailə Festivalına dəvət üçün minnətdarlığını bildirən Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin rəsmisi Hulusi Gökpinar bu ilin fevralında ölkəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyə görə Azərbaycan xalqına və dövlətinə təşəkkür edib.
"Türkiyədə baş verən zəlzələ zamanı biz Azərbaycanın qardaşlığını bir daha gördük. Bu kədərli hadisə ilə bərabər, biz ən böyük birliyin, həmrəyliyin şahidi olduq. Vətən bizim qəlbimizin döyündüyü yerdir. 100 illik yubileyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev vətəni Azərbaycanı çox sevirdi.
Ailə dəyərlərinin önəmini vurğulayan Milli Məclisin deputatı Məlahət İbrahimqızı ailə institutunun qorunub saxlanmasının vacibliyini qeyd edib. Bildirib ki, Ailə Festivalının ölkəmizdə qeyd olunması artıq bir ənənəyə çevrilib.
Tədbir bədii hissə ilə davam edib.
Festival çərçivəsində, həmçinin maarifləndirici proqramlar, intellektual viktorinalar və əyləncəli oyunlar təşkil olunub, ailələrin öz marağına uyğun əyləncə seçib asudə vaxtının səmərəli keçirilməsinə şərait yaradılıb.