Bakıda “Yeni öyrənənlər üçün türk dili” alman komediyası nümayiş olunmuşdur
Bakı, 31 oktyabr (AZƏRTAC). Bakıda keçirilən 4-cü Avropa Film Festivalı çərçivəsində Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən oktyabrın 31-də Bora Dagtekin 2012-ci ildə çəkdiyi “Yeni öyrənənlər üçün türk dili” (Türkisch für Anfänger) alman komediyası nümayiş olunmuşdur.
AZƏRTAC xəbər verir ki, film maraqla qarşılanmışdır.
Filmdə göstərilir ki, təyyarə yerə təcili endikdən sonra gənc alman qızı Lena Şnayder (Josefine Preus), Berlində yaşayan yunan mənşəli pəltək Kosta (Arnel Taci), gənc maço, türk Cem Öztürk (Elyas M'Barek) və onun dindar bacısı Yağmur (Pegah Ferydoni) kimsəsiz bir adaya düşürlər. Onlar xilas olunanadək cəngəllikdə yaşamaq uğrunda mübarizə aparırlar və məhəbbətlərini sınağa çəkirlər. “Həmişə cavan qalan“ Lenanın anası Doris (Anna Tieblich) və dul türk ata Metin Öztürk (Adnan Maral) lüks mehmanxanada qalıb uşaqları ilə radio-rabitə qurğusu vasitəsilə əlaqə saxlayır və öz hisslərini sınağa çəkirlər.
Ekran əsərinin nümayişindən əvvəl Almaniyanın Azərbaycandakı səfirliyinin daimi işlər müvəkkili Volfqanq Mössinqer çıxış edərək filmin əhəmiyyətini vurğulamışdır.
Noyabrın 6-dək davam edəcək festival çərçivəsində Avropa İttifaqına üzv olan 17 ölkənin və Azərbaycanın filmləri nümayiş etdiriləcəkdir. Filmlər barədə ekspertlər və maraqlanan tamaşaçılar arasında dialoq aparmaq mümkün olacaqdır.