Bakıdakı Rus evində musiqili-poetik gecə
Bakı, 17 may, AZƏRTAC
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) Bakıdakı Rus evində RİMM-in nəzdində fəaliyyət göstərən Ədəbi və Poetik klubunun sədri, pianoçu, müəllim Lalə Həsənova və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, pianoçu, müəllim və bəstəkar Səriyyə Məmmədovanın müəllif musiqili-poetik gecəsi keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müəllif gecəsində gənc pianoçu Səriyyə Məmmədovanın müşayiəti ilə şairə öz poetik nümunələrini deklamasiya edib, onların arasında “Sonsuzluq”, “Məhəbbət”, “Özünüzdə insaniyyəti qoruyun”, “Gözəl gün” şeirləri tamaşaçıların diqqətini cəlb edib.
Pianoçu Səriyyə Məmmədova tamaşaçılar qarşısında "Sakitlik", "Payız bir hissdir" və özünün bir çox başqa musiqi əsərlərini təqdim edib.