Bakılı Aleksandra Kremer-Xomasuridzenin foto əsərləri Venesiyada nümayiş etdirilir
Bakı, 26 iyun, AZƏRTAC
Venesiyada “Grand Canal” üzərində yerləşən məşhur “Palazzo Ca’Tron” sarayında İlya və Emiliya Kabakovların “Venesiya gündəliyi” (Dario Veneziano) layihəsi çərçivəsində gürcü və Azərbaycan əsilli fransız fotoqraf Aleksandra Kremer-Xomasuridzenin əsərləri sərgilənir.
AZƏRTAC-ın müxbiri ilə müsahibəsində sənətçi layihə və “Qondolyer” (The Gondolier) adlı sərginin konsepsiyası barədə danışıb: “Bu layihə Venesiya sakinlərinə həsr olunub və onlarla birlikdə formalaşıb. Burada yüzlərlə şəhər sakini ürəklərinə əziz olan əşyalar və hekayələr gətirib, Emiliya Kabakov onları şəhər muzeyində toplayıb. Mən isə dəvət olunan yeganə vizual sənətçiyəm.
“Qondolyer” hazırda üzərində işlədiyim böyük layihənin bir hissəsidir: “Xoşbəxtlik nədir?...”. Bu layihə 10 il ərzində dünyanın müxtəlif yerlərində fotoşəkillərini çəkdiyim çoxsaylı icmaları əhatə edir. Yaşayış yeri, peşə və dinlə birləşən insanlara eyni sadə sualı verirdim: “Xoşbəxtlik nədir?” Çukotkadakı balina ovçuları, Butan rahibləri, Azərbaycan neftçiləri, “Kruzenştern” gəmisinin dənizçiləri, Baykal şamanları — hamısı bu suala özünəməxsus şəkildə cavab verirdilər...”.
Onun sözlərinə görə, Venesiyada təqdim olunan “Qondolyer” seriyası onlarla qondolyerin fotoşəkillərini, onların yaşadığı mühiti və xoşbəxtlik haqqında əlyazma cavablarını əhatə edir: “Qondolyerlər minlərlə öpüşün şahidi olan insanları Öpüşlər Körpüsünün altından keçirirlər. Deyirlər ki, həmin körpünün altından keçib sevdiyin insanı öpərsənsə, xoşbəxt olacaqsan. Mən isə həmişə qondolyerlərin bu barədə nə düşündüyü ilə maraqlanmışam. Onlar körpünün daha qaranlıq bir tarixə də malik olduğunu bilirlər... Qondolyerlər insan xoşbəxtliyinin səssiz şahidləri kimidirlər — onlar çox şey görüblər...”.
Kremer-Xomasuridze qeyd edir ki, “Qondolyer” onun üçün köhnə dostu Pinoya həsr olunmuş mənəvi baxımdan çox vacib bir layihədir: “O, artıq bizimlə deyil... Amma qızı və nəvələri bu fotoşəkilləri görəcək, qürur duyacaq, xatırlayacaq və hiss edəcəklər — bu isə fotoqrafiya üçün çox vacibdir!”
O əlavə edib ki, sərgiyə yüzlərlə venesiyalı gələrək gördükləri barədə emosional şərhlər yazır. “Venesiyalılar həssas ürəkli insanlardır. Onlardan cəmi 50 minə yaxını şəhərdə yaşayır... Venesiyada gördüyünüz digər minlərlə insan isə gəlmələr və turistlərdir.
Mənim Venesiya ilə bağlı fotoşəkillərim və çəkdiyim qondolyer portretləri “Palazzo Ca’ Tron”da sərgilənərkən, birdən nəyinsə çatışmadığını hiss etdim. Keçmişdən danışmadan indiki Venesiyanı anlamaq mümkün deyil.
Beləliklə, 100 il əvvələ aid Venesiya və qondolalarla bağlı köhnə açıqcalara dair bir hekayə yarandı... Bu hissə mənə ayrıca zövq verdi və fotoşəkillərimi, hekayəmi və kolleksiya toplamaq sevgimi bu layihədə birləşdirdim”, — deyə A. Kremer-Xomasuridze fikirlərini yekunlaşdırıb.
Müəllif – Anara Axundova