ELM VƏ TƏHSİL
Bakının işğaldan azad edilməsinin 105-ci ildönümünə həsr olunmuş tədbir







Bakı, 18 sentyabr, AZƏRTAC
Paytaxtdakı 123 nömrəli tam orta məktəbdə Bakının işğaldan azad edilməsinin 105-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Mərdəkan Bələdiyyəsinin sədri Mirbaba Hüseynov, müəllimlər və şagirdlər iştirak ediblər.
Öncə qonaqlar 123 nömrəli tam orta məktəbin həyətində Bakının azad edilməsi uğrunda şəhid olan iki türk əsgərinin məzarını ziyarət ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Mustafayeva 105 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun Bakıya daxil olaraq şəhəri daşnak-bolşevik işğalından azad etməsi barədə ətraflı məlumat verib.
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsini türk xalqlarının milli qurtuluş hərəkatında şanlı bir mərhələ olduğunu söyləyib. Bildirib ki, həmin gün qazanılmış zəfər əsl hürriyyətə aparan yol, milli tariximizin şanlı bir səhifəsi idi.
BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə əlaqələrinin inkişafından danışıb. Bildirib ki, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi ölkələrimizin tarixinə yazılan ən önəmli səhifələrdəndir.
Mərasim şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.