Balaca Pərvinin böyük sənəti
Bakı, 2 aprel, Flora Şükürova, AZƏRTAC
Tar Azərbaycan milli musiqisinin ayrılmaz hissəsi, mənəvi dəyərlərimizdən biri, hisslərimizin səsli təcəssümüdür. UNESCO tərəfindən bəşəriyyətin toxunulmaz mədəni irsi siyahısına daxil edilmiş tarımız bir çox görkəmli tarzənlər tərəfindən “nəfəs alan” bir varlıq kimi hər zaman topluma səslənib, qəlbimizin bir parçası olduğunu bizə hiss etdirib. Mikayıl Müşfiqin “Oxu, tar!” şerində tərənnüm etdiyi geniş kütlənin şirini, şərbəti, alovlu sənəti - tar!
İllər keçir, zaman dəyişir, ruhumuzun qidası olan tara məhəbbətimiz dəyişməz olaraq qalır. Sevindirici haldır ki, yeniliklərlə dolu dünyamızda ənənələrimizə sadiq qalan, adətlərimizi yaşatmağa can atan və bunu bütün varlığı ilə etməyə çalışan gənc nəsil yetişməkdədir. İstedadı, bacarığı, tara məhəbbəti ilə sənət dünyasına ilk, lakin inamlı addımlarını atan Pərvin Vəlizadə də belə yeniyetmələrdəndir. Bu istedadlı ifaçını ilk dinlədiyim gündən çox sevdim, onunla görüşüb söhbət etmək, sənətlə, gələcək planları ilə bağlı fikirlərini dinləmək qərarına gəldim.
Özünəməxsus ifa tərzi ilə qısa bir zamanda tamaşaçı qəlbinə yol tapan Pərvin Vəlizadənin 12 yaşı var. Hazırda Bülbül adına orta ixtisas musiqi məktəbində tar ifası üzrə təhsil alır. Yaşının az olmasına baxmayaraq tara sevgisini əsl püxtələşmiş sənətkar kimi ifadə edir: “Tar mənim ruhumdadır, qəlbimdədir. Hər dəfə tarı əlimə alanda, simlərinə toxunanda, sanki, başqa dünyaya üz tuturam. İnsanların qəlb səsini dinləməyə, tarımdakı ifalarımla bu səsə səs verməyə çalışıram”. P.Vəlizadə məşhur tarzənlərdən Hacı Məmmədovun, Ramiz Quliyevin, Həmid Vəkilovun, Möhlət Müslimovun, Ağasəlim Abdullayevin adlarını böyük həvəslə çəkir. İfasını ən çox bəyəndiyi, sənətindən bəhrələndiyi isə məhz Hacı Məmmədovdur. Onun ifasındakı “Orta Mahur” muğamını, “Çoban bayatı” və digər xalq mahnılarını həvəslə dinləyir, böyük ustadın qoyduğu mirasdan bacardığı qədər yararlanmağa çalışır. Bu günə kimi bir neçə musiqi yarışmalarında, respublika müsabiqələrində iştirak edən Pərvinin qazandığı uğurlar onun parlaq gələcəyindən xəbər verir. Bu uğurların sırasında uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının 3-cü respublika müsabiqəsində, Bülbül adına respublika müsabiqəsində qazandığı uğurları xüsusilə qeyd etmək olar. Uğurlu gələcəyinə şübhə etmədiyim Pərvin Vəlizadə artıq bu yaşda müxtəlif televiziya proqramlarında Alim Qasımov, Canəli Əkbərov kimi muğam ustalarını müşayiət edib, korifey sənətkarlarla eyni səhnəni bölüşüb.
Söhbət əsnasında müsahibimin gələcək planlarından da danışdı. Pərvin Vəlizadə beynəlxalq müsabiqələrə qatılmaq, ölkəmizi xarici səhnələrdə təmsil etmək istəyini dilə gətirdi. Bunun üçün əlindən gələni edəcəyinə, üzərində daima işləyəcəyinə, ustadlarının onun kamil bir tarzən kimi yetişməsi üçün çəkdikləri əziyyətin hədər getməyəcəyinə söz verdi.
Tarın həzin səsinin dünyanın dörd bir yanından gəlməsi üçün səylə çalışan istedadlı yeniyetməmizin qarşısına qoyduğu ali məqsədlərə çatması üçün ona uğurlar arzulayıb, xudahafizləşirəm.