Balakən şəhərinin yol-nəqliyyat infrastrukturu təkmilləşdirilir
Balakən, 21 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Cari ilin ötən dövründə dövlət vəsaiti hesabına şəhərin 24 küçə və dalanında asfalt yolların əsaslı təmiri aparılıb, yollara, ümumilikdə, 30 min kvadratmetrdən çox asfalt örtüyü döşənib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, bundan əlavə, cari ildə bələdiyyələrin vəsaiti hesabına Balakən şəhərinin, Qabaqçöl qəsəbəsinin, həmçinin Qullar və Katex kəndlərinin mərkəzi küçələrində gecə işıqlandırılması yenilənib.
Hazırda Balakən şəhərinin bir neçə küçəsində yağış sularının ötürülməsi üçün quraşdırılmış beton arxların yenidənqurulması işləri isə davam etdirilir.