Balakəndə epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Balakən, 12 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya və müalicə tədbirləri davam etdirilir. Bu il yanvarın əvvəlindən indiyədək 21 min 40 baş iribuynuzlu heyvanda və 910 baş atda qarayara, 890 baş itdə quduzluq xəstəliklərinə qarşı peyvənd aparılıb. Bundan əlavə, cari ilin ötən dövründə 250 baş xırdabuynuzlu və 100 baş iribuynuzlu heyvanda brusellyoz, 11 min baş quşda (“La-şota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Balakən Rayon Baytarlıq İdarəsindən məlumat verilib.
İdarənin rəisi Sücəddin Cəfərov bildirib ki, əhalinin davamlı olaraq bioloji cəhətdən dəyərli və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi hazırda aqrar sahədə çalışan mütəxəssislərin qarşısında duran əsas vəzifələrdəndir. Bu baxımdan baytar mütəxəssislərin üzərinə də məsul vəzifələr düşür. Ona görə də idarə tərəfindən epizootik tədbirlərin aparılması ilə yanaşı, heyvan sahibləri arasında maariflənmə və təlim işlərinin həyata keçirilməsinə də xüsusi diqqət yetirilir.