REGİONLAR
Balakəndə il ərzində 112 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Balakən, 18 noyabr, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 nömrəli tam orta məktəbdə “Gəncliyimizi narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Karantin qaydalarına uyğun təşkil edilən tədbirdə məktəbin müəllim heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şagirdlərlə görüşdə çıxış edən rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Çingiz Aslanov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə tədbirləri barədə iştirakçıları məlumatlandırıb. Bildirilib ki, 2021-ci ilin əvvəlindən bu günədək rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri nəticəsində 47-si saxlama, 25-i satış, eləcə də 16-sı kultivasiya olmaqla, 88 fakt aşkarlanıb. Aşkarlanmış faktlar üzrə 70 cinayət işi başlanılıb. Ümumilikdə, 112 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarıldığı diqqətə çatdırılıb.
“Ağ ölüm”ə qarşı mübarizədə maarifləndirmə işinin də vacibliyini qeyd edən polis polkovnik-leytenantı Ç.Aslanov gəncləri zərərli vərdişlərdən uzaq tutmaq üçün təhsil müəssisələrində bu formada tədbirlərin həyata keçirildiyini bildirib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.