Balakəndə mağazalardan oğurluq edən şəxs tutulub
Bakı, 13 yanvar, AZƏRTAC
Dekabrın 2-dən yanvarın 10-dək olan müddətdə Balakən şəhərində ümumilikdə 13 obyektdən oğurluq və ya oğurluğa cəhd edilməsi barədə rayon polis şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş müraciətlər əsasında əməliyyat-istintaq qrupu tərəfindən dərhal hadisə yerlərinə baxış keçirilib.
Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməllərinin rayonun Qazma kənd sakini, əvvəllər məhkum olunmuş Mehdi Xəlilov tərəfindən törədilməsi müəyyənləşdirilib. Məlum olub ki, telefon, ərzaq, elektronika, cehizlik əşyalar satılan mağazalara və kafelərə üzündə maska, əllərində əlcəklə daxil olan M.Xəlilov kassada olan pulları, eləcə də müxtəlif əşyaları götürərək oradan uzaqlaşıb. Özünə lazım olan heç nə əldə edə bilmədikdə isə obyektlərdəki əşyaları yararsız hala salıb. Həmçinin M.Xəlilov oğurluq məqsədilə daxil olduğu iki mağazada “E-manat” və “MilliÖn” ödəmə aparatlarını sındıraraq 9000 manata yaxın pulu götürüb və müşahidə kamerasının yaddaş qurğusunu da özü ilə aparıb.
Polis əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində ələ keçən M.Xəlilov istintaqa təhvil verilib, oğurladığı əşyalar və pulların bir qismi ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.