Balakəndə soyqırımı qurbanlarının xatirəsinə yeni abidə-kompleks ucaldılmışdır
Balakən, 31 mart (AZƏRTAC). Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar martın 31-də Balakən şəhərində yeni tikilmiş soyqırımı qurbanlarının xatirə kompleksinin önündə izdihamlı anım mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə abidənin önünə gül-çiçək düzmüş, soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad etmişlər.
Mərasimdə Azərbaycan xalqına qarşı yüz illər boyu davam edən soyqırımı siyasətinin mahiyyəti, ermənilərin xalqımızın başına gətirdiyi müsibətlər, törətdikləri dəhşətli faciələr barədə danışılmış, bu məkrli siyasət nəticəsində yüz minlərlə günahsız soydaşımızın qətlə yetirildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, erməni şovinistlərinin təcavüzkar siyasəti müasir dövrdə də məqsədyönlü şəkildə davam etdirilir.
Çıxış edənlər soyqırımı hadisələrinə, erməni millətçilərinin törətdikləri qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışlar.
Tədbirin sonunda məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Xatirə kompleksinin yerləşdiyi ərazi tam abadlaşdırılmış, yaşıllaşdırma işləri aparılmış, abidənin qarşısındakı meydan və səkilərə üzlük plitə döşənmişdir. Abidənin hündürlüyü 9 metrdir.