Balakəndə Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır
Balakən, 25 fevral (AZƏRTAC). Xalqımızın tarixinə qanla yazılmış Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Balakən rayonunda silsilə tədbirlər davam edir.
Ümumrayon tədbirlər planına uyğun olaraq idarə, müəssisə və təşkilatlarda anma mərasimləri, xatirə gecələri, idmanın müxtəlif növləri üzrə yarışlar keçirilir, mədəniyyət müəssisələrində ədəbi-bədii kompozisiyalar nümayiş olunur, kitab və rəsm sərgiləri təşkil edilir, guşələr yaradılır.
AZƏRTAC xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar fevralın 25-də Heydər Əliyev Mərkəzində “Xocalı faciəsini unutmayaq” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə “Xocalı məktəblilərin gözü ilə” mövzusunda rəsm sərgisinə baxmışlar.
Ziyalıların, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edənlər 21 əvvəl o müdhiş gecədə baş vermiş qanlı hadisələri bir daha xatırlamış, faciənin acı nəticələri barədə danışmış, Xocalı faciəsinin bəşər tarixinin ən qanlı cinayətlərindən biri olduğunu bildirmiş, terroru dəstəkləyənləri qətiyyətlə pisləmişlər.
Həmin gün Balakən şəhərindəki Gənclər evində, uşaq kitabxanasında və digər müəssisələrdə də Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilmiş, faciə qurbanlarının xatirəsi anılmışdır.
Fevralın 25-də rayonun bütün ümumtəhsil məktəblərində ilk dərslər Xocalı mövzusuna həsr edilmişdir.
Fevralın 26-da rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər Şəhidlər xiyabanına gələrək, burada uyuyan həmvətənlərimizin məzarları üzərinə gül-çiçək düzəcək, şəhidlərin xatirəsini ehtiramla yad edəcəklər.