Balakənin İtitala kəndinin mühafizəsi üçün 3,1 kilometr uzunluğunda beton bənd tikilir
Balakən, 15 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun yaşayış məntəqələrini və əkin sahələrini baş verə biləcək sel təhlükəsindən qorumaq məqsədilə dağ çaylarında sahilbərkitmə işləri davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Katex çayın İtitala kəndindən keçən hissəsində əhali dəfələrlə sel təhlükəsi ilə üzləşib. İtitala kəndinin sel təhlükəsindən mühafizəsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Katex çayında 3,1 kilometr uzunluğunda beton bəndin tikintisi nəzərdə tutulur. Hazırda həmin bəndin 110 metrlik hissəsində təməlqoyma işlərinə başlanılıb.