Balatonda mövsüm sonu ərəfəsində vergi pozuntuları aşkarlanıb
Budapeşt, 9 sentyabr, AZƏRTAC
Macarıstanın Milli Vergi və Gömrük Xidməti (NAV) Balatonda turizm mövsümünün bağlanmasından əvvəl bir sıra reydlər keçirib.
AZƏRTAC NAV-ın “Népszava” qəzetində dərc edilən məlumatına istinadla xəbər verir ki, reydlər nəticəsində hər dörd şirkətdən birində müxtəlif pozuntular müəyyən edilib. Yazılan cərimələrin məbləği təxminən 115 milyon forint təşkil edib. Xidmətin nəzarətçiləri tərəfindən son ay ərzində 3 min müəssisədə xüsusən axşam saatlarında və istirahət günlərində yoxlamalar keçirilib. İlkin olaraq kassa və mal çeklərinin verilməsi, əməkdaşların qeydiyyata alınması, onlayn-kassa və kassada olan nağd puldan istifadənin düzgünlüyü yoxlanılıb. NAV-da bildiriblər ki, qurum tərəfindən Balatonda keçiriləcək yoxlama dövrü (Adótraffipax) barədə əvvəlcədən elan olunmasına baxmayaraq, müəssisələrin 25 faizində pozuntular aşkarlanıb.
Kassa çeklərinin vurulmaması, həmçinin əməkdaşların işə götürülməsini rəsmi şəkildə təsdiqləyən sənədlərin olmaması ilə bağlı daha çox pozuntular qeydə alınıb. NAV bildirir ki, xüsusi ciddi pozuntular zamanı təqsirkarları təkcə cərimə deyil, həm də digər məqsədli yoxlamalar da gözləyə bilər. Qurum, həmçinin onlayn-kassalardan istifadə və kassada olan nağd pul uçotunun düzgün aparılmaması ilə bağlı pozuntuların miqdarının kəskin şəkildə artdığını xəbər verib. Bununla yanaşı, nəzarətçilər on haldan yeddisində xırda nöqsanlarla, əksər hallarda kassalardakı nağd pulun artıq-əskikliyi ilə rastlaşıblar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt