Ballıca sakini: Prezidentlə görüş bizdə ruh yüksəkliyini daha da artırdı
Xocalı, 20 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
“Dünən bizim üçün çox qürurlu, gözəl gün oldu, cənab Prezidentlə görüşdük”.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Ballıca kənd sakini Sərxan Həsənov söyləyib.
O, Prezident İlham Əliyevlə görüşün xoş təəssüratlarını ifadə edərək deyib: “Prezidentlə görüş zamanı içimdən ani bir hiss gəldi. Onun əlini sıxıb, “Ali Baş Komandan, “dəmir yumruq” buradadır”, - dedim. Bu sözləri mən mənfur düşmənlərə eşitdirdim. Mən özüm pəhləvan nəslindənəm. Cənab Prezident də “Çox sağ olun. Maşallah, sənin də yumruğun yaxşıdır”, - dedi. Prezidentin bizimlə görüşməsi ruh yüksəkliyini daha da artırdı”.
Ballıca sakini kənddə yaradılan şəraitdən razı qaldığını bildirib: “Doğma torpaqlarımızı tərk edəndə 3 yaşım var idi. İndi dörd övladım, atam və qardaşımla qayıtmışam. Ballıca kəndində sakinlər üçün hər cür şərait yaradılıb. Qaz, su, istilik sistemi, təhsil ocaqları, bir sözlə hər şey yüksək səviyyədədir”.