BAMF növbəti dəfə erməni təxribatının qarşısını alıb
Bakı, 21 avqust, AZƏRTAC
Bu yaxınlarda dünyanın tanınmış sosial mərkəzlərindən olan Yunus Sosial Biznes Mərkəzinin qondarma “Dağlıq Qarabağ respublikası”nda ofisinin açılması ilə bağlı təxribatın qarşısı alınıb.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev məlumat verib.
O, “ED news” analitik portalına verdiyi məlumatda nüfuzlu Yunus Sosial Biznes Mərkəzini yanlış istiqamətə yönəltməklə dırnaqarası Arsax Dövlət Universitetində bu mərkəzin ofisinin açılmasına razı salmaq və bununla da geniş auditoriyaya nüfuz etməklə bağlı erməni təxribatının qarşısının BAMF-ın təşəbbüsü ilə alındığını bildirib.
Umud Mirzəyev bu yaxınlarda Yunus Sosial Biznes Mərkəzindən BAMF-a ünvanlanan məktuba cavab olaraq Azərbaycan ərazilərinin işğalı, beynəlxalq hüququn normalarına məhəl qoymayan Ermənistanın və qondarma rejimin militarist mahiyyəti haqda bu mərkəzi geniş şəkildə məlumatlandırıb.
“Məhəmməd Yunusdan aldığımız məktubda qondarma “Dağlıq Qarabağ respublikası” ilə bağlı onları məlumatlandırdığımız üçün təşəkkür bildirilir, orada bizim məsləhətimiz əsasında heç bir ofisin açılmayacağı və bu məsələdən imtina edildiyi vurğulanır”, - deyə U.Mirzəyev bildirib.
Ermənilərin beynəlxalq təşkilatlarda yalançı təmsilçilik təşəbbüslərinin, özlərini “sülhpərvər” olaraq təqdim etmək kimi məkrli oyunlarının müşahidə edildiyini bildirən BAMF prezidenti ölkəmizin düşmənlə üz-üzə dayandığı bir zamanda vətəndaşlarımızı, Azərbaycanı təmsil edən vətəndaş cəmiyyəti institutlarını ayıq-sayıq olmağa çağırıb və erməni təxribatlarına qarşı vətəndaş cəmiyyəti platformasının yaradılması təşəbbüsü ilə çıxış edib.