BANAN MEYVƏDİR,YOXSA İŞGƏNCƏ ALƏTİ ?
Bunun, doğrudan da, belə olduğunu deyə bilmərik, çünki sistem özünün bu sirrini gizli saxlayır. Lakin hərdən dindirmənin bəzi təfərrüatı, hər halda, mətbuata sızır. Məsələn, AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Kamboca polisinin əməkdaşları şübhəli şəxslərdən ifadə qoparmaq üçün qeyri-adi işgəncə “alət”indən - banandan istifadə etmişlər.
Asayiş keşikçilərini belə qeyri-adi vasitəyə əl atmağa paytaxtın yaxınlığında saxlanılmış maşından beş çantanı oğurlamaqda şübhəli bilinən iki yeniyetmə vadar etmişdir. Əşyayi-dəlillər azyaşlı cinayətkarların xeyrinə olmasa da, onlar elədiklərini heç cür boyunlarına almırdılar.
Uşaqlar özlərini elə həyasızcasına aparırdılar ki, polis əməkdaşları onların dərsini vermək qərarına gəlib, ifadə almaq üçün qeyri-ənənəvi dindirmə üsulundan istifadə etmişlər. Uşaqlara zorla banan yedizdirib, vaxtaşırı yenə də onları maraqlandıran sualları verirdilər. Bu tropik meyvədən beş kiloqram yedikdən sonra onlar hadisəni bütün təfərrüatı ilə danışmişlar.