BANM tələbəsi Şimali Karolina Universitetində Azərbaycanla bağlı təqdimat hazırlayıb



Bakı, 19 fevral, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Murad Şərifov Şimali Karolina Universitetində təhsil alır. Təxminən 28 min ABŞ dolları təqaüd qazanıb. O, bir semestr təhsil aldıqdan sonra Vətənə dönərək BANM-də təhsilini davam etdirəcək.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Bildirilib ki, Murad Şərifov təqaüd proqramı çərçivəsində akademik biliklərini artırmaqla yanaşı, Azərbaycanla bağlı təqdimat hazırlayıb. O, əcnəbi tələbə və müəllim heyətini Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatlandırıb.
Murad habelə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramının və Latviyanın dövlət təqaüd proqramının qalibi olub. Almaniyanın Martin Luther Universitetində alman dili kursunda iştirakı çərçivəsində Azərbaycanın zəngin mədəniyyətini beynəlxalq tələbə və müəllimlərə tanıdaraq ölkəmizin milli mətbəxini və ənənələrini təqdim edib. O, Riqa Texniki Universitetinin yay məktəbinin iştirakçısı, 4-cü ABB “Hackathon Startup Challenge”in qalibi olub.