Banqladeşdə yanğın nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb
Bakı, 29 mart, AZƏRTAC
Banqladeşin paytaxtı Dəkkə şəhərində 19 mərtəbəli ofis binasında baş verən yanğın nəticəsində həlak olanların sayı artaraq 25 nəfərə çatıb.
AZƏRTAC “Dhaka Tribune” qəzetinə istinadla xəbər verir ki, yanmış binada 19 cəsəd aşkarlanıb, daha 6 nəfər isə xəstəxanalarda ölüb. Xəsarət alan 70-dən çox insanın müalicəsi davam edir.
Xatırladaq ki, yanğın dünən yerli vaxtla saat 13:00 radələrində geyim ixracatçılarının və internet provayderlərinin ofislərinin yerləşdiyi binada baş verib. Yanğını yalnız dörd saat sonra lokallaşdırmaq mümkün olub. Hadisənin səbəbləri araşdırılır.
Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazir Enamur Rəhmanın sözlərinə görə, binada yanğınsöndürmə sistemi olmayıb.
Banqladeşdə insan tələfatı ilə nəticələnən yanğınlar nadir hadisə deyil. Bu, əsasən təhlükəsizlik tədbirlərin yetərsizliyi ilə izah olunur. Ötən həftə Dəkkə şəhərində məişətdə istifadə olunan kimyəvi maddələrin saxlanıldığı yaşayış binasında baş verən yanğın hadisəsi nəticəsində azı 78 nəfər həlak olmuşdu.