Baş direktor: “Star” NEZ ildə 500 milyon dollarlıq məhsul ixrac edəcək
Bakı, 27 mart, AZƏRTAC
SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonundakı “Star” neft emalı zavodu (NEZ) ildə 500 milyon dollarlıq məhsul ixrac edəcək.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə “Star” NEZ-in baş direktoru Mesut İlter deyib.
O bildirib ki, hazırda NEZ-də bütün sınaq işləri yekunlaşıb və qısa müddətdə zavod tam gücü ilə işləyəcək. Cari ilin qalan dövründə zavodda 7,5-8 milyon ton neft emal olunacaq. Gələn il isə NEZ tam gücü ilə, ildə 10 milyon ton neft emal edəcək: “SOCAR-ın Türkiyədə inşasını planlaşdırdığı ikinci neft-kimya zavodu istismara verilənə qədər “Star” ildə təxminən 500 milyon dollarlıq neft-kimya məhsulu ixrac edəcək. Bu da təxminən 700 min ton neft-kimya məhsulu deməkdir”.
Xatırladaq ki, “Star” zavodu ötən ay ilk məhsulunu “Petkim PetroKimya Holding A.Ş.”yə satıb. Zavodda ildə 1,6 milyon ton nafta istehsal olunacaq. İlkin mərhələdə “Petkim”ə 1303 ton nafta satılıb. “Petkim”in naftaya olan tələbatını bütövlükdə “Star” NEZ ödəyəcək.
Qeyd edək ki, “Star” zavodunda ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qaz (LPG), neft koksu və kükürd istehsal ediləcək. Layihənin ümumi sərmayə qoyuluşu 6,3 milyard dollar təşkil edir ki, bunun 90 faizi artıq investisiya olunub. 2021-ci ilədək başa çatacaq investisiya ilə “Star”ın ümumi tutumu artırılacaq. Sonda investisiya ümumilikdə 7 milyard dollara çatacaq.
Ötən il oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “Star” zavodunun açılış mərasimi olub. “Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. “Star” Türkiyənin dizel yanacağı idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft-qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.
SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 1300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb. Türkiyənin ilk neft-kimya müəssisəsi “Petkim”in xam maddə tələbatının demək olar ki, hamısını təmin edəcək “Star” NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək.