SİYASƏT
Baş katib: Bakıda GUAM–ın milli əlaqələndiricilərinin ilk iclası keçiriləcək
![Baş katib: Bakıda GUAM–ın milli əlaqələndiricilərinin ilk iclası keçiriləcək](/files/2016/1/1200x630/1456308551373726151_1200x630.jpg)
Tbilisi, 24 fevral, AZƏRTAC
Martın 15-16-da Bakıda GUAM-ın milli əlaqələndiricilərinin ilk iclası keçiriləcək.
GUAM-a üzv və tərəfdaş ölkələrin xarici işlər nazirlərinin və nümayəndələrinin iştirak edəcəkləri iclasda təşkilatın fəaliyyətinin effektivliyinin artırılması, nəqliyyat, enerji, ticarət və mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsinin yolları, eləcə də Azərbaycanın prioritet hesab etdiyi proqram layihələri müzakirə olunacaq.
Bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində GUAM-ın baş katibi Altay Əfəndiyev məlumat verib.
Baş katib bildirib ki, bu ilin may ayında Bakıda daha bir möhtəşəm tədbir keçiriləcək. GUAM-ın yaradılması ideyası 1997-ci ildə irəli sürülüb. Lakin bu təşkilat əsasən 2006-cı ilin may ayından fəaliyyətə başlayıb. Ona görə də may ayında Bakıda GUAM-ın fəaliyyətə başlamasının on illiyi ilə bağlı geniş tədbir keçiriləcək. Gələn il isə GUAM-ın yaradılmasının 20 illiyi qeyd olunacaq. Yubiley tədbirinin keçiriləcəyi yer hələ ki müəyyənləşməyib. Gürcüstan və Ukrayna da yubiley tədbirinə ev sahibliyi etmək niyyətindədir.
Səfir bildirib ki, GUAM-ın nüfuzu daha da artmaqdadır. Təşkilata yeni üzvlərin qəbulu məsələsi hələlik gündəlikdə olmasa da, tərəfdaşların sayı artır. Bu gün Yaponiya, Polşa, Vışeqrad qrupu, digər ölkələr və təşkilatlar GUAM-a maraq göstərirlər. Hesab edirik ki, bu cür maraqlar GUAM-ın daha böyük və nüfuzlu bir təşkilat kimi inkişafına təkan verəcək. Xüsusilə də nəqliyyat, logistika, azad ticarət zonasının yaradılması, mədəni əlaqələrin inkişafı, turizm və digər sahələrlə əlaqədar hazırlanmış layihələrin gerçəkləşdirilməsi GUAM-ın nüfuzunu daha da artırır. Nəqliyyat dəhlizinin inkişafına dair GUAM-ın “Tranzit-2” konsepsiyası hazırlanıb. Bu konsepsiyanın həyata keçirilməsi üçün çox yaxşı imkanlar var. Turizmin və energetika sahəsinin inkişafı ilə bağlı layihələr hazırlanır, ekspertlər səviyyəsində işlər gedir. Ən başlıcası odur ki, ortada siyasi iradə var. Təşkilata üzv ölkələrin dövlət başçıları bu layihələrin həyata keçirilməsi üçün siyasi iradə nümayiş etdiriblər. Bu da GUAM-a tam formatlı təşkilat kimi bu layihələrə yeni təkan verməyə imkan yaradır.
Ölkəmizin təşkilata sədrliyi dövründə görüləcək işlərə münasibət bildirən səfir deyib: “Azərbaycanın təşkilata sədrliyi dövründə çalışacağıq ki, daha çox nailiyyətlər qazanaq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi